BAKI, 5 sen — Sputnik. "Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin Çindəki G-20 (Böyük 20-lər) sammitində Ukrayna və Suriya problemini müzakirə edib".
Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, liderlərin görüşü müsbət keçib. Putinin mətbuat katibi qeyd edib ki, prezidentlər arasında keçirilən təkbətək görüşün müddəti planlaşdırıldığından daha çox davam edib.
Yerli və xarici ekspertlər isə, iki super gücün Suriya və Ukrayna böhranlarını müzakirə etməsinin doğru addım olduğunu, amma bu cür görüşlərin illərdir keçirildiyini və heç bir nəticəsinin olmadığını qeyd edirlər.
Putin-Obama görüşünü Sputnik-ə dəyərləndirən türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy deyib ki, həm Suriya, həm də Ukrayna məsələsinin bir anda həll olunması mümkün deyil: "Əgər iki problemi müqayisə etsək, görərik ki, Suriya böhranı daha dramatik, daha ürəkağrıdıcıdır. 500 mindən çox insan dünyasını dəyişib. Amma hələ də Bəşər Əsəd iş başındadır".
"Amerika Əsədin getməyini istəsə də, Suriyanın Federasiyaya dönməsini istəyir, bunun üçün var gücü ilə çalışır, kürdlərə dəstək verir. Türkiyə və İran buna qəti şəkildə qarşı çıxır. Rusiyanı isə daha çox Xmeymim hərbi bazası maraqlandırır. O bazanın orada qalmasına da Bəşər Əsəd zəmanət verib. Rusiya məhz buna görə Əsədə hər cür dəstəyi verir. Bu variantı isə Türkiyə və Qərb bloku dəstəkləmir. Ona görə düşünürəm ki, yaxın vaxtlarda Suriya məsələsi həll olunmayacaq", — siyasi şərhçi vurğulayıb.
Altınsoyun sözlərinə görə, Ukrayna böhranı da yaxın vaxtlarda həll olunmayacaq: "Rusiya bu məsələdə öz mövqeyində israrlıdır. Ukrayna hökumətinin də Krımdan imtina etməsi mümkün görünmür. Olduqca qəliz məsələdir. Hətta deyərdim ki, Suriya məsələsindən də qəlizdir. Hesab edirəm ki, Putin-Obama görüşü bu dəfə də formal xarakter daşıyacaq və problemlər həll olunmamış qalacaq".
Mövzuya münasibət bildirən politoloq Zərdüşt Əlizadə də Suriya və Ukrayna böhranının birdəfəlik həlli variantının hazırda mümkünsüz olduğu, ancaq hər iki münaqişənin uzun müddətə dondurula biləcəyi qənaətindədir: "Bu münaqişələri qızışdıran tərəflərin özləri belə, artıq çox yorğundur. Ona görə, həm Amerika, həm də Rusiya çalışacaq ki, münaqişələri istədikləri konfiqurasiyaya salandan sonra uzun müddətə dondursun. Lakin bir daha qeyd edirəm ki, nə Ukrayna, nə də Suriya böhranının yekun həlli variantı hazırda mümkün deyil. Vladimir Putin və Barak Obamanın Çindəki görüşü, əvvəl olduğu kimi yenə də formal xarakter daşıyır".