BAKI, 25 sen-Sputnik. Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.
BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bu barədə açıqlama verib.
Misturanın sözlərinə görə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.
"Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır" deyə Mistura qeyd edib.
Qeyd edək ki, təkcə bu gün Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb.
Ölənlər arasında xeyli sayda qadın və uşağın olduğu bildirilir. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb.
Bombardmanların hazırda da davam etdiyi bildirilir.
Anadolu agentliyinin məlumatına görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.