BAKI, 24 sen – Sputnik. BMT Baş Məclisinin iclaslarında iştirak etmək üçün Nyu Yorkda olan ABŞ və Rusiyanın xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər üzrə rəsmi nümayəndələri və BMT-nin Baş katibi Pan Gi Mun bir araya gələrək Fələstin problemini müzakirə ediblər.
Yaxın Şərq Dördlüyü İsrail tərəfindən işğal olunan İordan çayının Qərb sahillərində yəhudi yaşayış məskənlərinin inşasına sərt reaksiya göstərib.
Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı bu inşaatın sülhün qarşısında böyük maneə olduğunu bildirib.
Yığıncağa sonradan Fransa və Misir xarici işlər nazirləri də qatılıb.
Məlumata görə, İsrailə sərt xəbərdarlıq edilib, "Hələ də tikilməkdə olan yəhudi yaşayış məskənləri 2 dövlətli həll şansını riskə atır" deyilib, bölgədə zorakılığın həddinin aşdığı bildirilib.
Fransanın xarici işlər naziri Jan Mark Eyro ilin sonuna qədər Fələstin problemilə bağlı Parisdə də konfrans təşkil edəcəklərini söyləyib.
Misir isə "torpaq qarşılığında sülh" prinsipi və şərti əsasında ərəb ölkələrinin İsraili tanıyacağı təklifini irəli sürüb.