BAKI, 23 sen — Sputnik. Almaniyanın Siegen Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə iştirak etdiyi "Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri" (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsi çərçivəsində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyadakı baş ofisi tərəfindən keçirilən müsabiqənin qalibi olub. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, qrant qazanan layihə çərçivəsində müntəzəm olaraq həm Almaniya, həm də Azərbaycanda professor-müəllimlərin, gənc alimlərin, tələbələrin iştirakı ilə görüş və təlimlərin keçiriləcək.
Eyni zamanda, hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar təşkil olunacaq. Təlimlər zamanı biznes planlaşması, innovasiya menecmenti, logistika, e-kommersiya, risklər menecmenti və digər sahələr əhatə olunacaq. Layihə ali təhsilin bütün səviyyələrini əhatə edir. Layihənin əsas hədəfləri sırasında birgə magistratura proqramının işlənməsi də yer alıb.
Gənc alimlər arasında keçirilməsi planlaşdırılan "Kiçik biznes plan" müsabiqəsi bu istiqamətdə tədqiqat aparan əməkdaşlara öz ideyalarının reallaşdırılmasında kömək edəcək. "Məsləhətçi Maliyyə Klubları" isə tələbə, magistrant və doktorantların məsləhətçi kimi formalaşmasına şərait yaradacaq. Tədqiqatçılar həmçinin, Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı qazanacaq. Layihənin digər maraqlı bir tərəfi isə təlimlərdə iştirak edən əməkdaşların yaradılacaq məzun bazasında (alumni database) birləşməsidir.
Qeyd edək ki, layihənin icrasına 2016-cı ilin oktyabr ayında başlanılacaq və 4 il davam edəcək. Qeyd edək ki, UNEC müsabiqədə Azərbaycandan tərəfdaş qismində çıxış edən yeganə ali təhsil müəssisəsidir.