BAKI, 22 sen — Sputnik. "Federal Ehtiyat Sistemi üzvlərinin çoxu bu il bir dəfə uçot dərəcəsinin artırılmasının uyğun olacağını nəzərdə tutur. Mən də məşğulluq bazarında mövcud inkişafın qorunması və iqtisadiyyatı relsdən çıxaracaq böyük bir riskin olmayacağı təqdirdə, bunu gözləyirəm".
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen keçirdiyi mətbuat konfransında deyib. FED-in Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) faizləri sabit saxlamaq qərarından sonra Yellen mətbuat konfransı keçirib. O bildirib ki, faiz artımı üçün zəminin güclənməsinə baxmayaraq, FOMC üzvləri daha çox statistik göstəricilərin olması üçün gözləməyi tərcih ediblər.
"Bu qərar Amerika iqtisadiyyatına yönələn inamın azalması kimi başa düşülməsin", deyən Yellen qeyd edib ki, iqtisadi inkişaf və məşğulluq bazarında davam edən yaxşılaşma faizi artırma zəminini gücləndirib.
Çıxışından sonra sualları cavablandıran Canet Yellen FED-in faizi artırmamaq üçün bəhanə axtardığına dair tənqidləri belə dəyərləndirib: "Məşğulluq bazarı bir çox FOMC üzvünün tam məşğulluq olaraq qəbul etdiyi səviyyəyə çatdı. Ancaq daha əvvəl də söylədiyim kimi, əmək bazarına dair digər göstəricilər ilin əvvəlindən bəri çox dəyişmədi. Bu, mənfi xəbər deyil, çünki yaxşılaşan əmək bazarının daha çox insanı çəkdiyini göstərir".
Üç FOMC üzvünün faizləri sabit saxlamaq qərarına qarşı gəldiyini şərh edən Yellen, bankın səlahiyyətliləri arasında fikir ayrılığının sanıldığı qədər böyük olmadığını vurğulayıb. O, qeyd edib ki, noyabr ayında keçiriləcək prezident seçkiləri FED-in qərarlarına təsir etməyəcək: "İclasda siyasi mövzulardan bəhs edilməyib".
Yellenin mətbuat konfransından əvvəl nəşr olunan iqtisadi proqnozlar FOMC üzvlərinin bu il bir, gələn il isə iki dəfə faiz artırılmasını nəzərdə tutduğunu ortaya qoymuşdu. Qeyd edək ki, bu il FED-in daha 2 toplantısı keçiriləcək. Toplantılar 1-2 noyabr və 13-14 dekabr tarixlərində keçiriləcək. ABŞ-da prezident seçkiləri isə 8 noyabrda olacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, FED-in gözləmə mövqeyində dayanmasının bir neçə səbəbi var: "Daxili səbəblər odur ki, avqust-sentyabr aylarının əvvəllərindən Amerikada makroiqtisadi göstəricilər FED-in gözləntiləri səviyyəsində olmadı, statistik göstəricilər daha zəif oldu. Həm işsizliyin azalması, həm inflyasiya ilə rəqəmlər daha yuxarı gözlənilirdi. Amma makroiqtisadi göstəricilər gözləntiləri doğrultmadı. Eyni zamanda, FED Amerika iqtisadiyyatında böyüməni təqribən 3 faiz civarında gözləyirdi. Göstərici ilin əvvəlindən təqribən 2,6-2,7 faiz civarında oldu. Bu da gözləntiləri doğrultmadı".
Ekspertin sözlərinə görə, FED dünyada baş verən proseslərə də istinad edib: ""Brexit"dən sonra yaranmış vəziyyət, Çində çox ciddi bank böhranının olması, ixracatının zəifləməsi, Avropa bölgəsində gözləntiləri doğrultmayan iqtisadi inkişafın zəif tempi və s. Bütün bunlar FED-in gözləmə mövqeyi tutmasına səbəb olub və faizləri artırmayıb. Əslində əksər analitiklər bu qərarı gözləyirdilər".
"Amma dünya maliyyə bazarlarına bu il faizin artacağı haqqında çox dəqiq bir mesaj verildi. Bunun səbəbi də maliyyə bazarlarını, birjalarını bu günə hazırlamaq olduğunu düşünürəm. Yəni, öncədən belə bir xəbərin verilməsi artıq dünyaya mesaj idi ki, həmin günə öz hazırlıqlarını görsünlər. Çünki, birdən-birə belə bir addımın atılması dünya maliyyə bazarlarında ciddi təlatümə səbəb olardı. Amma bu il faizin artması ilə bağlı fikir yürütmək olar. Bu da yavaş-yavaş da olsa, önümüzdəki həftələrdə dollar indeksinin yüksəlməsinə, dolların dünyada bahalaşmasına səbəb olacaq", — N. Cəfərli vurğulayıb.
İqtisadçı FED-in etibarlılığının artıq zədələndiyini də əlavə edib: "2016-cı ildə 4 dəfə uçot dərəcəsini artıracaqlarını demişdilər. Artıq ilin sonuna yaxınlaşırıq. Hələ də faiz artırılmayıb. Bu, FED-in dünya birjalarına təsir gücünü zəiflədir. FED rəhbərliyi də bunu yaxşı başa düşür. Dünənki sərt bəyanatın verilməsinin səbəbi həm də budur. Ona görə də FED etibarını zədələməmək üçün ilin sonuna qədər faizi qaldıracaq".
"FED uçot dərəcəsini artırarsa, dolların bahalaşması dünya bazarlarında xammalın qiymətinə də təsir göstərəcək" — o, qeyd edib.
İqtisadçı-ekspert Samir Əliyev də Sputnik-ə, 2016-cı ildə 4 dəfə uçot dərəcəsinin qaldırılacağının gözlənildiyini, lakin gözləntilərin baş vermədiyini deyiv: "Sonra bu, 2 dəfəyə düşdü, indi də deyilir ki, 1 dəfə olacaq. Bu ilin dekabrında bir dəfə uçot dərəcəsinin qaldırılması da sual altındadır. Əsas səbəb makroiqtisadi vəziyyət, yəni, inflyasiyadır. Qarşıya məqsəd qoyulub ki, 2 faizlik inflyasiya olsun. Hələ ki, buna nail ola bilmirlər. Bunun da səbəbi odur ki, enerji daşıyıcılarının qiyməti ucuzlaşıb".
"Neft ucuzlaşanda nəqliyyat xərcləri də ucuzlaşır. Bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxardır. Üstəgəl, dollar bahalaşdığına görə dollarla ifadə olunan malların qiyməti ucuzlaşır. Bütün bunlar ona gətirib çıxardır ki, 2 faizlik inflyasiya alınmır", — mütəxəssis bildirib.
Uçot dərəcəsinin qaldırılacağı təqdirdə, dollar daha da bahalaşacağını deyən iqtisadçının fikrincə, ABŞ-da mal və xidmətlərin qiyməti aşağı düşəcək və inflyasiya hədəfinə nail olunması daha çətin olacaq: "ABŞ-da işsizliyin səviyyəsi 5 faizdir və buna nail olublar. Digər göstəricilərə nail olsalar da, inflyasiya hədəfinə hələlik çata bilmirlər. Ona görə də bu proses getdikcə uzanır.
S. Əliyev FED-in vəziyyəti başa düşdüyünə əmindir: "Uzun müddət uçot dərəcəsini aşağı saxlamaq və yaxud bazarı yalançı məlumatlarla təmin etmək olmaz. Bu, bazarda etibarsızlıq, inamsızlıq yaradır. Çünki, hər iclasqabağı bazar gözləntiləri baş verir. Yəni, bazar veriləcək qərara uyğunlaşdırılır. Uçot dərəcəsi qalxanda da bazarda çaxnaşma baş vermir. İndi hər dəfə bazar uyğunlaşır ki, uçot dərəcəsi qaldırılacaq. Amma bu, baş vermir və elə bir vəziyyət yaranacaq ki, artıq bazar FED-in qərarını qeyri-ciddiyə alacaq".
"Bir gün FED uçot dərəcəsini qaldıranda məlum olacaq ki, bazar buna hazır deyilmiş. Bu, bazarda arzuolunmaz hala gətirib çıxarda bilər. Bu baxımdan FED də bunu anlayır. Anlayır ki, bazar artıq onların qərarına tam inanmır. Ona görə də dekabrda çalışacaqlar ki, qaldırsınlar. Statistik məlumatlardan da çox şey asılı olacaq. Əgər inflyasiya hədəfinə çatsalar, yəqin ki, uçot dərəcəsini qaldıracaqlar. Bu gün hər bir halda birmənalı proqnoz vermək çox çətindir".