Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 20 sen — Sputnik. Başlanğıcını Qazax rayon Xanlıqlar (Musaköy) kəndindən götürən qədim Faxralı arxının Ağköynək-Qarapapaq kəndindən keçən hissəsində bəndləmə işləri aparılmadığından, sakinlərin evləri və həyatları üçün təhlükə yaranıb. Ətrafda sel suları "meydan oxuyan" zaman su axarı boyu kənddə bir xeyli ərazini yuyaraq böyük qolpunlar əmələ gətirib. Bu da sakinlərin əkin sahələrini, mal-qaranı vaxtlı-vaxtında suvarmasına mane olur. Çünki ehtiyac olan aylarda su həmin qolpunlara axır, itkiyə gedir.
Məsələ ilə bağlı Sputnik-ə danışan kənd sakini Arzuman Xəsməmmədov bildirib ki, arx baxımsız vəziyyətdə olduğundan hazırda ətrafa üfunət saçır: "Qabaqlar Qazax rayonunun qədim kəndlərindən olan Faxralının ərazisini suvarmaq üçün nəzərdə tutulsa da, sonralar Ağköynək-Qarapapaq, Dağkəsəmən, Vurğunkənd kəndlərinə qədər geniş bir ərazini əhatə edib. Sovet dağılandan bu yana, baxımsızlıqdan əziyyət çəkir, təmizləmə və bəndləmə işləri aparılmadığından ətrafa üfunət saçır, sel suları çoşanda qabağına keçəni yuyub aparır".
"Su-kanal idarəsi və eləcə də digər əlaqədar təşkilatlar sakit-məlul tamaşa edir. İnsanların həyatı isə təhlükə altındadır. Suyun səviyyəsi yüksələndə az qalır evlərə keçə… Çox istərdik ki, son dövr rayon icra başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə "təmiz şəhər" yolunda görülən tədbirlər planına bu arxın təmizlənməsi və bərpası da daxil edilsin", — sakin bildirib.
Onun dediyinə görə, Ağköynək-Qarapapaq kəndinin ərazisindən keçən bu arx kəndə aid yeganə ən qədim abidə hesab olunsa da, aidiyyati təşkilatlarda adı xüsusi nömrələmə ilə qeyd olunub, unudulmaq üzədir: "Adı aidiyyatı orqanlarda "R1, R2, R3, R4, R5" kimi qeyd olunan arx yeganə ən qədim abidəmizdir və heç cür qorunmur. Faxralı arxının adının qorunması bir yana, onun əhatə etdiyi ərazi də diqqətdən kənarda qalıb. Kənd çökəkdə yerləşdiyi üçün yuxarıda da dediyim kimi, zaman-zaman bura tökülən sel suları öz axarı boyunca böyük bir ərazidə qolpunlar əmələ gətirib və suya ehtiyac olan aylarda çoxu həmin qolpunlara axaraq itkiyə gedir. Və dəfələrlə müraciət edilsə də, bu məsələnin həlli yönündə heç bir tədbir görülmür".
Ağköynək-Qarapapaq kənd sakini Novruz Məmmədov da Arzuman Xasməmmədovun dediyi sözləri təsdiqləyib: "Bizim əkin və mal-qara üçün su götürdüyümüz bu arx tam təmir olunmalıdır. Yaratdığı üfunət qoxunu demirəm, qolpunlarda itkiyə gediyindən su gəlib kəndə çıxmır. Kəndçinin əsas dolanışığı torpaqdan çıxır, amma biz əkin-tikinlə məşğul ola bilmirik. Elə günlər olur ki, qapımızda dili-ağzı olmayan mal-heyvan yanıb qaralır, əlimiz bir yana yetmir. Əlacsız qalıb qablarda gətirməli oluruq. Çox çarəsizik və problemin tez zamanda həllini gözləyirik".