BAKI, 19 sen — Sputnik. "Vahid Rusiya" Partiyası (VRP) VII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə öz səslərini artırıb. 91,8% protokolun nəticələrinə görə, VRP Konstitusion çoxluğu əldə edib. Onun xeyrinə seçicilərin 54,16% —i səs verib. İlkin məlumatlara görə, Dövlət Dumasına 6 partiya daxil olub: dörd parlament partiyası və əalvə olaraq "Vətən" və "Vətəndaş platforması" partiyaları.
"Seçkilər" sisteminin göstəricilərinə görə, Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) 13,5% səslə ikinci, Rusiya Liberal Demokrat Partiyası (RLDP) 13,26% səslə üçüncü olub. "Ədalətli Rusiya" isə səslərin 6,18%-ni qazanmaqla 4-cü yerdə qərarlaşıb. Digər partiyalar isə beş faizlik (Dumaya düşməyə imkan verən) və üçfaizlik (dövlət tərəfindən maliyyələşdirilmək hüququ qazandıran) baryeri aşa bilməyiblər.
Bununla belə VRP 203 birmandatlı dairədə qələbə qazanıb. Birmandatlı seçki dairəsi üzrə "Ədalətli Rusiya" və RFKP yeddi, RLDP beş, "Vətən" və "Vətəndaş platforması" hərəsinə bir mandat qazanıblar. Dairələrdən birində hələlik müstəqil namizəd liderlik edir. Hazırda mövcud olan protokollara görə, seçici fəallığı ümumi seçicilərin 47,9%-i qədər olub.
91,8% protokolların nəticələrinə əsasən "Vahid Rusiya" seçici səslərinin 54,16%-ni toplayaraq 225 birmandatlı seçki dairəsinin 203-də liderlik edir. Bu minvalla demək olar ki, vahid rusiyalılar VII Dövlət Dumasında Konstitusion çoxluğu əldə ediblər. Ümumi mandatların 2/3-ni, yəni 300-nü qazanan partiya Konstitusion çoxluğu əldə etmiş olur ki, bu da ona Konstitusiyanı dəyişdirmək və prezidentin vetosunu aradan qaldırmaq imkanı verir.
Bundan əvvəl partiya lideri, baş nazir Dmitri Medvedyev əminliklə proqnoz vermişdi ki, onun partiyası Dövlət Dumasında səslərin mütləq əksəriyyətini — Konstitusion çoxluğu əldə edəcək.
"Nəticələr yaxşıdır, bizim partiya mütləq səs çoxluğunu qazanacaq, amma bu çoxluğun nə qədər olacağını səslərin sayılmasının nəticəsi müəyyən edəcək" — deyə ötən gün axşam prezidenti Vladimir Putinlə VRP-nın qərargahına gələn baş nazir bildirib.
Putin də VRP-nın inamlı qələbə qazandığını deyib. "Vəziyyət çətindir, ağırdır, bununla belə, insanlar "Vahid Rusiya"nın xeyrinə səs verirlər" — deyə Putin bildirib.
Onun fikrincə, nəticələr göstərir ki, insanlar vahid rusiyalıların hamısında alınmasa belə, onlar üçün "real olaraq səmimi işlədiklərini" görürlər.
Vahid rusiyalı namizədlər Moskva və Sankt-Peterburq dairələrində birmandatlı dairələrdə liderliyi saxlayırlar. Nadir istisnalarla "Ədalətli Rusiya" və RFKP-dən olan namizədlər də liderlik edirlər. Sankt-Peterburqda 8, Moskvada isə 15 birmandatlı dairə var.
Seçkilərdə əsas intriqalar 2-ci yer uğrunda mübarizə aparan RLDP ilə RFKP arasında gedir. İlkin nəticələr elan ediləndə, yəni səslərin 12,26%-i sayıldıqdan sonra RLDP 17,3%, RFKP isə 16,4% səs qazanmışdı. Bundan sonra səslər dəyişir, bu partiyaların biri digərini növbə ilə üstələyirdi.
91,8 % protokollar hesablandıqdan sonra kommunistlər 13,5% səslə irəli keçdilər. Lakin hələlik seçkilərin nəticələrinə görə, ikinci yeri kommunistlərin tutduğunu demək tezdir. Liberal-demokratlar 13,26% səs toplamaqla proporsionalda onları qabaqlayırlar.
RLDP-nin lideri Vladimir Jirinovski artıq bəyan edib ki, seçkilərin nəticələrini tanıyır və onu müsbət qiymətləndirir. Bununla belə, o, bildirib ki, ikipartiyalı sistemə keçmək lazımdır və bu barədə səsverməni yazda etmək mümkündür.
VII çağırış Dumaya düşən daha bir parlament partiyası — "Ədalətli Rusiya" ötən seçkilərlə müqayisədə öz mövqelərini nəzərəçarpacaq dərəcədə itirib. 91,8% protokolun nəticələrinə əsasən eserlər cəmi 6,18% səs alıblar. Bu rəqəm 2011-ci ildə 13,24% idi.
Belə aşağı nəticəni "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov seçkilərdə zəif iştirakla əlaqələndirib. Bununla belə, eserlərin lideri seçkini baş tutmuş hesab edir.
Hələlik parlament partiyası olmayanlardan heç biri beşfaizlik baryeri aşa bilməyiblər. Bununla belə, sözügedən partiyalar birmandatlı dairələrdə nisbətən yaxşı nəticə göstəriblər.
"Vətən" və "Vətəndaş platforması" birmandatlı dairələrdən hərəsinə 1 mandat qazanıblar. Daha əvvəl dairələrdə "Yabloko" ("Alma"), "Rusiya Kommunistləri" və Yüksəliş partiyaları liderlik edirdilər. Lakin sonra onlar öz mövqelərini itirdilər.
Parlamentə düşməyən partiyalar artıq VII çağırış Dövlət Dumasına seçkilərin aşağı səviyyədə keçdiyini bəyan ediblər. Onlar bildiriblər ki, parlamentə düşməsələr də, siyasi fəaliyyətlərini davam etdirəcəklər.