Deputat: Postsovet məkanında Ukrayna və Azərbaycan uğrunda savaş dərinləşir

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Zahid Oruc Sputnik-ə açıqlamasında deyib ki, 1990-cı illərin ortaları ilə müqayisədə indiki beynəlxalq və regional siyasi şərait kəskin şəkildə dəyişib.

BAKI, 19 sen-Sputnik. Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Məsələ ilə əlaqədar millət vəkili Zahid Oruc Sputnik-ə açıqlamasında deyib ki, 1990-cı illərin ortaları ilə müqayisədə indiki beynəlxalq və regional siyasi şərait kəskin şəkildə dəyişib: “Bir tərəfdən biz Qərb ölkələrinin bilavasitə ssenarisi ilə Yaxın Şərqin keçmiş bütün modelinin, strukturunun, həyatının dağıldılmasının şahidiyik. Bu, açıq şəkildə həm də öz üsul idarələrinin ixracı demək idi. Digər tərəfdən post-sovet məkanında əsasən Ukrayna və Azərbaycan uğrunda da savaş dərinləşməkdədir. Qərb ölkələri çox yaxşı bilirlər ki, MDB məkanının bütövlükdə həyatı, gələcəyi bu iki dövlətdən çox dərəcədə asılıdır. Ukrayna coğrafiyasına və resurslarına görə önəmlidir. Qafqazda isə Azərbaycan əsas resurs dövlətidir. Bu iki məkan, coğrafi bucaq uğrunda dava əvvəlkindən qat-qat ağır səviyyədə getməkdədir. Azərbaycan bu illər ərzində özünü qoruyub saxlaya bilib”. 

Millət vəkili bildirib ki, Azərbaycanın belə birliklərdə yaxından iştirak etməyinə baxmayaraq, həll edici üzvlük qərarlarını verməyib: “Bizim Avropa İttifaqı məkanı ilə də böyük əlaqələrimiz var. Ən azı iqtisadiyyatımızın mühüm hissəsi onlarla müştərək işlənməkdədir. Transmilli korporasiyalar ilə keçmişdə bağladığımız sazişlərin üzərinə mavi yanacaq ilə bağlı Avropanın özü üçün çox əhəmiyyətli olan enerji layihələri həyata keçirilməkdədir. Belə olan təqdirdə biz siyasi və iqtisadi qərarımızı yalnız bir bucağa, nöqtəyə yönəldə bilmərik. Yalnız Avropa yönümlü siyasət bizi region dövlətləri ilə üz-üzə qoyardı və xüsusilə də nəzərə alsaq ki, 2000-ci illərdən fərqli olaraq bu gün İran da beynəlxalq siyasi və iqtisadi bazara fəal şəkildə qayıdıb. Bu dövlətin özü ilə geniş əlaqələri quran dövlətlər məhz Qərb dairələridir. İndi müxtəlif Avropa ölkələri rəhbərlərinin tez-tez Tehrana səfər etdiklərini görməkdəyik”.

Zahid Oruc qeyd edib ki, belə olan təqdirdə Azərbaycan yalnız Avroatlantik məkana yönəlik kurs yürütsə, məsələn Ukrayna kimi, bu, ağır nəticələr doğurardı. Yeri gəlmişkən GUAM birliyinin də taleyi indi ona görə ağır sual altında qalıb ki, o birliyin içərisində olan ölkələrin hərəsinin xarici siyasət kursu bir yerə dəyişib. Ukrayna və Gürcüstan artıq assosiativ saziş yolundadır. Azərbaycan və Moldova fərqli siyasət yürütməkdədirlər və bölgədəki konfiqurasiyanı nəzərə alırlar. 

“Siyasət çox cəhətlidir. Çoxparametrli siyasətə ehtiyacımız var. Əks halda bir qütblü siyasət bizi ağır zərbələr ilə üz-üzə qoyar” — deyə millət vəkili bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev Sputnik-ə açıqlamasında deyib ki, ümumiyyətlə, MDB Azərbaycanın çox mühüm ticarət tərəfdaşıdır: “Bu tək indi deyil, neft dövründə də belə MDB ilə ticarət münasibətlərimiz çox yüksək olub. MDB-də idxal üzrə 3 böyük tərəfdaşımız var – Rusiya, Qazaxıstan və Ukraynadır. Rusiya bizim MDB ilə münasibətlərimizin təxminən 55-60 faizini təşkil edir. Sonra 10 faiz Qazaxıstan, 20 faizə qədəri də Ukraynadır”. 

Ekspert bildirib ki, MDB-nin ölkəmizə qoyduğu birbaşa xarici investisiyaların payı kifayət qədər aşağıdır yəni, 3 faiz zonasındadır amma bu da kifayət qədər böyük məbləğdir. MDB ölkələri bizim çox ciddi, böyük tərəfdaşımızdır. Bizim onlarla həm də uzun tarixi münasibətlərimiz də var. 

O, qeyd edib ki, beynəlxalq ticarətin belə bir qravitasiya modeli var. Yəni, böyük ölkələr iqtisadi cəhətdən qravitasiya yaradırlar. Almaniyanın yanında olan kiçik bir ölkə mümkün deyil ki, onunla ticari əlaqələr qurmasın. MDB-də də 3 böyük ölkə (Rusiya, Qazaxıstan, Ukrayna) var və onlarla münasibətlərimiz mövcuddur.   

Xəbər lenti
0