BAKI, 19 sen — Sputnik. Hər il dünyada yüzlərlə insan heç bir iz qoymadan yoxa çıxır. Son dövrlərdə naməlum səbəblərdən itkin düşən insanların sayı durmadan artır.
BMT-nin yeni hesabatına görə, ötən il dünyanın 37 ölkəsində 766 itkin düşmə halı ilə bağlı şikayət qeydə alınıb.
Bu rəqəm BMT-nin zorakılıq nəticəsində itkin düşmüşlərin işi üzrə İşçi Qrup tərəfindən hazırlanan hesabatda əksini tapıb.
Hesabatda qeyd edilir ki, İşçi Qrupa əvvəlki illərlə müqayisədə ötən il zorakılıq nəticəsində itkin düşmüşlərlə bağlı 3 dəfə çox şikayət daxil olub.
Hesabat müəllifləri zorakılıq nəticəsində itkin düşənlərin, onların ailələrinin, hadisənin şahidlərinin və onların işi ilə məşğul olan hüquq müdafiəçilərinin həyatına qarşı təhlükənin, təhdidin və repressiyanın olduğuna dair həyəcan təbili çalıblar.
İşçi qrupu zorakılıq nəticəsində itkin düşməyə dair növbəti hesabatı miqrasiya kontekstində hazırlamağı planlaşdırır.
Qeyd edək ki, insanların itkin düşməsi əksər hallarda cinayətkarlıqla bağlıdır. Dünyada insanların oğurlanması, zorakılığa məruz qalması, orqanlarının qanunsuz olaraq çıxarılıb satılması praktikası genişlənib. Bəzi hallarda isə, insanların oğurlanaraq cinsi istismara məruz qalması, müxtəlif terror qruplaşmalarına daxil edilməsi baş verir. Cinayət praktikasında insanların müxtəlif səbəblərdən qətlə yetirilərək onların meyitlərinin gizlədilməsi nəticəsində itkin düşmə halları da mövcuddur.
BMT-ni narahat edən məsələlərdən biri isə, son illərdə uşaqların itkin düşmə hallarının artması ilə bağlıdır. Uşaq oğurluğu, orqan mafiyalarının uşaqları daha asan ələ keçirə bilməsi azyaşlıların itkin düşmə faizinin artmasına gətirib çıxarır. Bəzi hallarda uşaqlar köməksiz vəziyyətdə qaldıqlarından heç kəsin diqqətini çəkmədən həyatlarını itirir, yaxud da qanunsuz fəaliyyət göstərən müxtəlif qrupların əlinə düşürlər.
BMT son illərdə dünyadakı münaqişə ocaqlarında azyaşlı uşaqlardan canlı bomba kimi istifadə edilməsi hallarını araşdırıb. Məlum olub ki, bu uşaqların əksəriyyəti oğurlanmış, valideynini itirmiş və köməksiz vəziyyətdə qalaraq qanunsuz terror qruplaşmalarının əlinə keçirilmiş uşaqlardır.