BAKI, 18 sen — Sputnik. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması hallarına, İnsan hüquqları Şurasının 33-cü iclası və Ermənistan XİN-in açıqlamasına münasibət bildirib.
Sputnik-in məlumatına görə, Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının törədilməsi və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, dövlət və özəl mülkiyyətinin, təbii sərvətlərin talan edilməsi, qəsdən mülki obyektlərə və şəxslərə qarşı sistematik hücumların təşkil edilməsi, əsir və girov götürülmüş mülki və hərbi azərbaycanlı şəxslərin qeyri-insani fiziki və psixoloji işgəncələrə məruz qoyulması və kütləvi şəkildə öldürülməsi halları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
H. Hacıyev bildirib ki, bu cinayət əməllərinin davamı kimi, 2 aprel 2016-cı il tarixindən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 30-dan artıq şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb: “Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur. Ermənistan tərəfindən davamlı şəkildə törədilən bu cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir. Milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcək”.
XİN Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təəssüflər olsun ki, BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının ofisi 20 ildən artıq dövr ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması hallarına səssiz qalıb: “Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi keçirilmiş İnsan hüquqları Şurasının sentyabrın 14-də keçirilmiş növbəti iclasında bir daha bu məsələni qaldırıb. BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının Ofisi və digər beynəlxalq təsisatlar qeyd olunan beynəlxalq sənədlərə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına xüsusi diqqət yetirməlidirlər”.