BAKI, 16 sen — Sputnik. Xəzər rayonunda ailə dramı baş verib. Belə ki, rayonun Buzovna qəsəbəsində iki uşaq atası öz canına qıyıb.
Bu barədə Sputnik-ə Xəzər rayon Polis İdarəsindən məlumat verilib. 39 yaşlı Hüseynov Ramil Aydın oğlu özünü, ölümündən əvvəl baş çəkməyə gəldiyi anasının evinin həyətində asıb. Axşam saat 10 radələrində Hüseynov anası ilə sağollaşaraq evdən çıxıb. Yarım saatdan sonra yaxınları onun meyitini evin həyətindəki turnikdə asılmış vəziyyətdə tapıblar.
Hüseynov özünü kapron kəndirlə asıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Hüseynov son zamanlar dərin depressiya vəziyyətində olub. Qardaşının sözlərinə görə, Ramil dərdini onunla bölüşürmüş.
Qardaşının dediyinə görə, əvvəlcə Hüseynovun işləri pis getmirdi. Onun ailəyə yaxşı gəlir gətirən mağazası var idi. Böhranın gəlməsi ilə onun ticarət işləri də yaxşı getməməyə başlayıb və o, maliyyə çətinlikləri ilə üzləşib.
Bu amil kişinin psixi vəziyyətinə mənfi təsir göstərib və o, depressiyaya düşüb. Hüseynov vaxtaşırı qardaşına özünün düşdüyü acınacaqlı vəziyyətlə bağlı şikayət edirmiş və deyirmiş ki, artıq belə yaşaya bilmir…