Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
BAKI, 15 sen — Sputnik. Karbohidrogen ehtiyatları ilə yanaşı, Xəzər bitki və heyvanat aləmi ilə də zəngindir. Son tədqiqatlara görə, bu dənizdə 1839 heyvan növü mövcuddur ki, onların təxminən 150-sini balıqlar təşkil edir.
Qədim və nadir balıq növlərindən olan nərəkimilərin sayı ildən-ilə azalır. Müstəqil ekspertlərin hesablamalarına görə, dünya üzrə onun ovunun təxminən 95%-i Xəzər dənizinin payına düşür. Buna görə də onların mühafizəsi Xəzəryanı dövlətlərdən daha çox asılıdır.
Bioloji resursların mühafizəsi, eləcə də nərə balıqlarının qorunması üçün 1992-cü ildə 5 sahilyanı ölkə arasında Xəzərin Su Bioresursları Komissiyası yaradılıb. Bu ölkələrin hər biri nərə balıqlarının ovu ilə paralel olaraq süni balıqartırma məntəqələrində bu növdən olan körpə balıqlar yetişdirib dənizə buraxır.
Həm bu komissiyanın üzvü olduğundan, həm də "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya qoşulduğundan, Azərbaycanda nərə cinsli balıq ehtiyatlarının qorunub saxlanılması, istifadəsi və dövriyyəsi dövlət tərəfindən tənzimlənir.
1954-cü ildə keçmiş SSRİ üzrə ilk olaraq Azərbaycanda — Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında nərə cinsli balıqların süni artırılması üçün zavod tikilib. Burada hazırlanan və uğurla sınaqdan keçirilən biotexnologiya, sonralar Rusiya, Qazaxıstan və İranda inşa edilən analojı zavodlarda tətbiq edilib.
Hazırda Azərbaycanda ümumilikdə 4 belə müəssisə var. Onlardan ən çox istehsal (15 milyon ədəd nərə cinsli balıq körpəsi yetişdirmək) gücünə malik olanı, Dünya Bankı tərəfindən "Təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində tikilmiş və 2004-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodudur. Bu müəssisə hesabına Azərbaycan, Xəzəryanı ölkələr sırasında nərə körpələrinin dənizə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncülüyü qazana bilib.
Əvvəlki vaxtlarda nərə cinsli körpə balıqlar torpaq nohurlarda yetişdirilib. Xıllı zavodunda isə plastik və ya dəmir-beton hovuzlardan istifadə edilir. Əvvəlcə xüsusi vətəgə məntəqələrində ovlanılmış törədici balıqlar zavoda gətirilib. Onlar burada bir müddət saxlanılıb. Cinsi yetişkənlik həddinə çatan fərdlərdən kürü müxtəlif üsullarla alınır, mayalandırılır, inkubasiya edilir, sürfə və körpələr yetişdirilir. Sonda balıqlar təbii su hövzələrinə buraxılır. Daha bir gözlənilən prinsip isə təmir-törədici fondun yaradılmasıdır.
Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salmanov Sputnik-ə bildirib ki, müəssisə 4 növ nərəkimilərin yetişdirilməsi üçün layihələndirilsə də, obyektiv səbəblərdən Bölgə (Huso huso) və Kələmo (As. Nudiventris) kimi növləri yetişdirə bilmirlər: "Ötən müddət ərzində Bölgə balığının cinsi yetişkənlik yaşında olan fərdini əldə edə bilməmişik. Yalnız bir dəfə — 2007-ci ildə Xəzər dənizinin Lənkaran akvatoriyasından zavodumuza nərəkimilərdən Kələmo növünün 1 ədəd dişi və 1 ədəd erkək fərdi daxil olub. Mütəxəssislərimiz tərəfindən aparılan uğurlu tədbirlər nəticəsində 275 min ədəd Kələmo körpəsi yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb. Növbəti illər üçün bu iki nadir növ illik istehsalat proqnozlarımızdan çıxarılıb".
Mütəxəssis bildirir ki, Kələmo hələ Sovetlər dönəmində "Qırmızı Kitab"a daxil edilib, Bölgənin cinsi yetişkənliyə çatan fərdləri müstəqilliyin ilk illərində nadir ovlanan balıqlar sırasında olub. Buna görə də 2008-ci ildə Azərbaycan Respublikası birtərəfli qaydada Bölgə balığının ovuna moratorium elan edib.
Hazırda zavodda 4250 ədəd müxtəlif növ və yaş qrupuna aid olan nərə cinsli balıq saxlanılır. Balıqların ən böyük yaş qrupunu 2004-cü ilin istehsalı olan Kür nərəsi, ən kiçik yaş qrupunu isə 2015-ci il istehsalı olan Kür nərəsi və 2008-ci ildən saxlanılan Uzunburun növlərinə aid balıqlar təşkil edir. Burada bəzi nəsilartran balıqların çəkisi 30-50 kq-dır.
Bölgə balığının cinsi yetişkənlik yaşı dişi fərdlər üçün 16, Kələmo növü üçün 14-15, Kür nərəsi üçün 13, Uzunburun üçün isə 10 ildən başlayır. Respublikamızda ilk dəfə olaraq məhz bu zavodda yetkin kürü bir neçə nərədən, onlar öldürülmədən, "yumurtalıq yolunun kəsilməsi" yolu ilə alınıb.
Xəzər dənizinin əsrarəngiz balıq növlərindən olan nərəkimilərin artırılmasında nümunəvi fəaliyyət göstərən müəssisə, ölkədəki digər (Kür Ağzı, Kür Təcrübi və Şirvan) nərə balıqartırma zavodları üçün də "təmir-törədici fond" rolunu oynayır.
Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra Kür çayının mənsəbinə buraxılıb.
Müəssisə rəhbəri bildirir ki, son vaxtlar istehsal etdikləri balıqların çəkisi də yüksək olur: "Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1,2 qram) daha yüksək olan körpələrin təbii ərazilərə buraxılması daha effektivdir".
Onun sözlərinə görə, bu balıqların yaşama ehtimalı xeyli yüksəlir: "Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklər etməyi, yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayını bir neçə dəfə artırmağı nəzərdə tutmuşuq".