Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 15 sen — Sputnik. Qurban bayramı ərəfəsində Qaxa üz tutan və bayramı bu bölgədə qeyd edən turistlər az olmayıb. Təkcə bayram günlərində rayona 800-ə yaxın turist gəlib.
Qədim tarixə malik İlisu kəndində turist axını daha çox olub. Təəssüf ki, rayona gələn turistlər istədikləri yerə getməkdə çətinlik çəkirlər. Rayona gələn turistlərdən biri Rüstəm Qasımov Sputnik-in bölgə müxbiri ilə söhbətində deyib ki, Ləkit kəndinə getmək istəsə də, istəyinə nail ola bilməyib: "Yolların pis vəziyyətdə olması bizi fikrimizdən daşındırdı".
Digər bir turist Vüsal Əzizov da eyni fikri söylədi: "Azərbaycanda istirahət etmək üçün çox gözəl yerlər var. Təbiət bizə hər cür gözəllik bəxş edib. Amma biz bu gözəlliklərdən faydalana bilmirik. Yay tətilini Ləkit kəndində keçirdim. Təəssüf ki, burada heç bir infrastruktur yoxdur. Dövlət tərəfindən mühafizə olunan şəlaləyə gedənlər sınıq körpünün üzərindən keçmək məcburiyyətindədirlər. Başqa millətlərdə olsaydı, hər bir şərait yaradıb pul qazanardılar".
Şəkidə də həmçinin, bayram günlərində turist axını yaşanıb. Yerli turistlərdən əlavə, qonşu Türkiyədən gələnlər üstünlük təşkil ediblər. Bu il Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də turistlərin sayında əhəmiyyətli dərəcədə rol oynayıb.
27 sentyabr Beynəlxalq Turizm Günündə isə bölgədə "açıq qapı günü" keçiriləcək. Ümid edək ki, növbəti illərdə bölgələrimizə üz tutan yerli və xarici turistlər problemlərlə qarşılaşmayacaqlar.