Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu "The National Interest" jurnalında dərc olunan məqaləsində, Kato İnstitutunun baş elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın xüsusi köməkçisi D. Bendou yazıb.
Analitikin yazdığına görə, Amerika Birləşmiş Ştatlarının uğursuz xarici siyasətinin arxasında olanlar düşünürlər ki, Vaşinqton daha mütəmadi və həlledici çıxışlar etsəydi, hər şey tam fərqli olardı: "Onların fikrincə, problem Amerikanın müharibələr yaratmasında deyil, əksinə, kifayət qədər müharibə yaratmamasındadır".
Bendou hesab edir ki, bu yanaşma siyasətçilərin ABŞ-ın dünyadakı bütün problemləri həll edə bilməsinə inamlarına əsaslanır: "Əgər bəzi istedadlı insanlar vətəndaşların dəstəyi ilə parlaq strategiyalar həyata keçirsəydi, terrorizm məğlub olardı. "İslam Dövləti" məğlub olardı, Rusiya ələbaxan olardı, İraq əməliyyatları uğursuz nəticələnməzdi, Suriyada sulh olardı, Liviya vahid ölkə olardı, Çin isə daha nəzakətli olardı. Təəssüf ki, təcrübə bu insanların və strategiyanın olmadığını göstərir".
Məqalə müəllifinin fikrincə, Vaşinqton oxşar siyasətin nəticəsindən asılı olmayaraq hərbi müdaxilələrin düzgünlüyünə inanır: "Belə ki, məsələn, İraqdakı müharibə geniş dinlərarası münaqişənin yaranmasında katalizator olub. Bu münaqişə İraqın mülki əhalisi arasında yüz minlərlə itkilərə, xristian icmasının məhvinə, həmçinin Əl-Qaidə və İŞİD qruplaşmalarının yayılmasına gətirib çıxarıb. Liviyanın işğalı da uğursuzluqla nəticələndi, çünki Qəddafinin devrilməsindən sonra qalib gələn qüvvələr ölkəni özləri idarə etmək istədilər — ABŞ-ın işğalçı qüvvələri onlara lazım deyil".
"ABŞ-ın özündə isə Suriya uğursuzluğunu Bəşər əl-Əsəd ilə bağlayırlar. Onu devirib əvəzinə suriyalı Tomas Cefferson, ya Corc Vaşinqtonu qoysaydılar, İŞİD heç vaxt yaranmazdı. Əla əhvalatdır, lakin orada İraqda yaranan dinlərarası ədavətdən heç söz açılmayıb. Əsədin devrilməsi isə, yalnız hakimiyyət uğrunda mübarizənin yeni mərhələyə çıxmasına səbəb olacaqdı", — məqalədə qeyd olunub.
Müəllifin sözlərinə görə, Amerika Birləşmiş Ştatları bütün keçmiş hərbi əməliyyatların uğursuzluq səbəbini siyasətdə deyil, "müəyyən şərtlərin olmaması"nda görür: "Əgər bu şərtlər 15 il ərzində olmayıbsa, gələn 15 il ərzində onlar necə yarana bilər?".
Bendounun sözlərinə görə, ABŞ-ın digər dövlətlərə müdaxiləsinə bəraət qazandırmaq olmaz: "ABŞ özündə olmayan yüz milyardlarla dollar pulu bütün dünyaya nəzarət etmək üçün xərcləməyi dayandırmalıdır".