“Fətullah Gülən məsələsi ilin sonuna qədər həll olunar”

© bluestar.net.auFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Bu məsələyə görə ABŞ-ın da başı ağrıyır. Həm öz müttəfiqi Türkiyəni itirmək təhlükəsi ilə üzləşib, həm də beynəlxalq aləmdə çevrilişi dəstəkləyən ölkə kimi görünməyə başlayıb.

BAKI, 14 sen – Sputnik. Türkiyənin Ədliyyə Nazirliyi ABŞ-dan Fətullah Gülənin həbs olunmasını istəyib. Nazirlik F.Gülənin "dövlət çevrilişi cəhdinin əmrini verdiyi, komandanlıq etdiyi" səbəbilə həbs olunmasını tələb edib. Bununla da nazirlik səviyyəsində çevriliş cəhdinə dair ilk həbs tələbi Vaşinqtona çatdırılıb.

Göndərilən məktubda, "Bu şəxs ölkəmizdə həyata keçirilən bir çox cinayətlə yanaşı, 15 iyul 2016-ci ildə həyata keçirilən qanlı çevriliş təşəbbüsünün göstərişini verən şəxs kimi həbs olunması tələbilə axtarılır", — deyə bildirilir.

Mövzunu Sputnik üçün dəyərləndirən türkiyəli jurnalist-yazar Ömər Dinçər, bu ilin sonuna qədər Fətullah Gülən məsələsinin mənfi ya müsbət həll olunacağını deyib:

“Artıq Vaşinqtonda anlayırlar ki, Türkiyə öz tələbində israrlıdır və geri addım atmayacaq. Bu məsələyə görə ABŞ-ın da başı ağrıyır. Həm öz müttəfiqi Türkiyəni itirmək təhlükəsi ilə üzləşib, həm də beynəlxalq aləmdə çevrilişi dəstəkləyən ölkə kimi görünməyə başlayıb. Ona görə də, hesab edirəm ki, ən geci bu ilin sonuna qədər Gülən mövzusu müsbət ya mənfi öz həllini tapacaq. Ən güclü ehtimal Fətullah Gülənin ABŞ-da mühakimə edilməsidir”.

Politoloq Yılmaz Altınsoy da Sputnik-ə açıqlamasında Fətullah Gülənin ekstradisiya məsələsinin həddindən çox uzun çəkdiyini, prosesin həm Ankaraya həm də Vaşinqtona ziyan vurduğunu bildirib. 

“Əgər diqqət edirsinizsə, türk rəsmilər son bir neçə gündür ki, ekstradisiya məsələsini bir o qədər də dilləndirmirlər. Türkiyə hökuməti, ən azı istəyir ki, müttəfiq saydığı Amerika Fətullah Güləni həbs etsin. Əgər Ağ Ev Ankaranın bu istəyini yerinə yetirsə, bəlkə də problem həll olunar. Heç ekstradisiyaya da ehtiyac qalmaz. Ancaq təəssüf ki, ABŞ hələlik müsbətə doğru addım atmayıb. Bu isə həm Amerikanın özünə, həm də Türkiyəyə ziyan vurur. Çünki bu məsələyə görə müttəfiqlik əlaqələri çətin vəziyyətə düşür. NATO çərçivəsində olan maraqlara ciddi zərər dəyir”, deyə — Y.Altınsoy əlavə edib.

Xəbər lenti
0