BAKI, 14 sen-Sputnik. Fövqəladə Hallar Nazirliyi istehsalçılardan qəbul olunan buğdanın qiymətini yenidən qaldırıb.
Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılıb. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112" qaynar xəttinə müraciət etmək olar.
Qeyd edək ki, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılmışdı.