BAKI, 11 sen — Sputnik. Bu gün Milli Şura Bakının Yasamal rayonunda, "Məhsul" stadionunda mitinq keçirib. Sputnik xəbər verir ki, mitinqdə müxtəlif şüarlar səsləndirilib və plakatlar asılıb. Saat 17.00-da başlayan mitinq 2 saat davam edib.
"Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib".
Bu barədə mitinqlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin verdiyi açıqlamada qeyd olunub. Bildirilir ki, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Həmçinin qeyd olunur ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Aksiya insidentsiz başa çatlb.