BAKI, 11 sen — Sputnik. Şəkidə mövcud olan tarixi-memarlıq incilərindən biri Şəkixanovların evidir. Bu ev — xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır.
Şəkixanovlar evində muzey bələdçisi Rumella Məmmədovanın sözlərinə görə, bu ev 1765-ci ildə Şəki xanı Məhəmməd Hüseyn xan tərəfindən tikilib. Lakin hansı ustanın inşa etdiyi məlum deyil.
Tikintisində çay daşından və çiy kərpicdən istifadə olunub. Sonralar çiy kərpicin bir hissəsi bişmiş kərpiclə əvəz olunub. Pəncərələri şəbəkə üsulu ilə düzəldilib. Heç bir mismardan və digər dəmir alətlərdən istifadə olunmayıb.
Şüşələrin rəngi ilin dörd fəslinə uyğun olaraq seçilib. İki mərtəbəli 6 otaq və 4 dəhlizdən ibarətdir. Hər mərtəbədə 3 otaq və 2 dəhliz var. Birinci mərtəbədəki mərkəzi otaq qış üçün yaşayış otağı, yan otaqlar isə mətbəxt və təsərrüfat işləri üçün istifadə olunub.
Qapıların alçaq olması, xidmətçilərin daxil olarkən təzim etmələri üçün nəzərdə tutulub. Birinci mərtəbənin döşəməsi olduğu kimi saxlanılıb. İkinci mərtəbədə torpaq döşəmə olub. Döşəmənin üstündən həsir, sonra isə xalça salınırmış. Həsir toz yaranmasının qarşısını almaqdan ötrü olub.
Döşəmə qışda rütubəti özünə çəkməklə istilik, yayda isə rütubəti verməklə sərinlik yaradıb. Bərpa zamanı isə taxta döşəmə ilə əvəz olunub. Dəhlizdə kiçik bir yer, gələn turistlərə göstərmək üçün saxlanılıb.
İkinci mərtəbədəki rəsmli otaq qonaq otağı, digər iki otaqlar yaşayış üçün olub. Yaşayış otaqları sadə olub, heç bir bəzəkdən istifadə olunmayıb. Bu otaqlar daha çox ibadət üçün nəzərdə tutulub. Fikir yayınmasın deyə, heç bir bəzəkdən istifadə etməyiblər.
Rəngli şəbəkədən düşən işıq divarlarda, tavanda, döşəmədə əks olunur və parlaq rənglər yaradır. Qonaqlar üçün nəzərdə tutulan mərkəzi otaq isə xüsusilə bəzədilib.
Divarlarda iki sıra müxtəlif mövzulara uyğun çəkilmiş rəsmlər var. Birinci sırada divarda boşluqlar-taxçalar var. Hər boşluğun içində Nizami Gəncəvinin "Yeddi Gözəl", "Leyli və Məcnun" və başqa poemalarından qəhrəmanların rəsmləri təsvir olunub.
İkinci sıradakı boşluqlar — rəflər təbiət sujetli rəsmlərlə bəzədilib. Burada çəkilimiş ağacın altında ceyranlar, quşlar, şirlər, güllər gözəlliyi ilə insanı valeh edir. Divarda güzgülərlə bəzədilmiş xüsusi bir zolaq var. Bu güzgülər Venesiyadan gətirilib. Müəyyən bir hissəsi bərpa olunub. Qalanları orijinaldır.
Yuxarıdakı rəflər bahalı əşyalar və müqəddəs kitabları qoymaq üçün istifadə olunub. Tavan birsüjetli rəsmlə tamamlanıb. Bitki aləmini əks etdirən şəkillər və bu fonda 4 yarıçılpaq qadın — mələk çəkilib.
Otağın qapısının girişində fars dilində "xoş gəlmisiniz" yazılıb. Qapılar xonça tiplidir. Burada da mismardan, dəmirdən istifadə olunmayıb. Taxtalar bir-birinə keçirilməklə düzəldilib. Üzərində heç bir bərpa işi aparılmayıb. Orijinal rəngini və formasını bu günə qədər saxlayır.
Buxarı xüsusi zövqlə qızıl tozu ilə işlənilib. Ev bir müddət baxımsız qaldığı üçün uçmaq təhlükəsi yaranmışdı. Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə 2012-ci ilin noyabrından burada bərpa işlərinə başlanılıb. Əməkdar rəssam Natiq Səfərov tərəfindən bərpa olunub. Divar hissələrinin çoxu olduğu kimi qalıb, yalnız on faiz bərpa olunub.