BAKI, 10 sen — Sputnik. Lənkəran rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 5-ə çatıb.
APA-nın məlumatına görə, qəzada yaralananlardan biri — Reyhan Mahmudova xəstəxanada keçinib.
Hadisə zamanı ölən və yaralananların hamısının adları məlum olub. Ölən şəxslər aşağıdakılardır:
— Bəxtiyar Qiyas oğlu Quliyev — Lənkəran rayonunun Boladi kənd sakini, 1963-cü il təvəllüdlü, “VAZ-2106”nın sürücüsü;
— Əzizə Ağadadaş qızı Quliyeva — sürücünün həyat yoldaşı;
— Bahar İmran qızı Bağırova — Boladi kənd sakini;
— Nazilə Hacıbala qızı Seyfullayeva — Boladi kənd sakini;
— Reyhan Fərhad qızı Mahmudova — 1965-ci il təvəllüdlü, Boladi kənd sakini.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş şəxslər aşağıdakılardır:
— Eldar Zeynal oğlu Aslanov — 1977-ci il təvəllüdlü, Parakənd qəsəbə sakini; “Mercedes”in sürücüsü;
— Elman Balazər oğlu Ağazadə — 1974-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
— Akif Əbülhəsən oğlu Nuriyev — 1979-cu il təvəllüdlü, Parakənd qəsəbə sakini;
— Murad Orucəli oğlu Cəfərli — 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
— Elvin Həmzə oğlu Mirzəzadə — 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında yeni tikilmiş və istifadəyə verilməmiş İpək Yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Boladi kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Qiyas oğlu Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BU 831 dövlət nömrə nişanlı minik avtomobili rayonun Parakənd qəsəbə sakini, 1977-ci il təvəllüdlü Eldar Zeynal oğlu Aslanovun idarə etdiyi “Mercedes” markalı, 99 EA 802 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən avtomobillərdən biri deformasiyaya uğrayıb, digəri isə yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunub. Xilasedicilər xüsusi alətlərin köməyi ilə “VAZ-2106” markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, eləcə də bir nəfər yaralını, həmçinin “Mercedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına göndəriblər.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.