BAKI, 9 sent-Sputnik. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, o cümlədən inflyasiyanın məqbul səviyyədə saxlanması və milli valyutaya etimadın gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.
Mərkəzi Bankdan Sputnik-ə uçot dərəcəsinin artırılması ilə bağlı göndərilən məlumatda belə deyilir.
Orada qeyd olunur ki, bu tədbirlər çərçivəsində cari ilin ötən dövründə pul kütləsinin artım kanalları məqsədyönlü idarə olunub, bunun üçün makroiqtisadi siyasətin müvafiq mexanizmlərindən effektiv istifadə edilib, pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə zəruri korreksiyalar edilib, irimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilib.
Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.
Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.
Eyni zamanda, makroiqtisadi proqnozları, tədiyyə balansında və valyuta bazarındakı meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 14-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.