BAKI, 8 sen — Sputnik. "15 iyulda qardaş Türkiyədə xalqın nümayiş etdirdiyi milli iradə — Malazgirtdəki və Çanaqqaladakı savaş ruhunun davamı idi. Ona görə də dövlət çevrilişinə cəhd edənlər məqsədlərinə nail ola bilmədilər".
Sputnik Trt-yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin nümayəndəsi Bəhruz Həsənov söyləyib. Belə ki, Türkiyə səfirliyinin dəstəyi ilə TİKA, TRT və Anadolu Agentliyi tərəfindən təşkil edilmiş "İhanetten Zafere" ("Xəyanətdən qələbəyə") filminin və fotosərgisinin təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən B. Həsənov 15 iyul hadisələri zamanı Azərbaycan dövlətinin qardaş Türkiyə hökuməti və xalqının yanında olduğunu vurğulayıb.
"Hadisələrin ilk anından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqı o qanlı prosesləri narahatlıqla izləyirdi. Ona görə də ilk gündən Azərbaycan dövlətinin və prezidentinin mövqeyi nümayiş etdirildi. Azərbaycan dövləti Türkiyədə xalqın seçdiyi və müdafiə etdiyi hakimiyyətin yanında oldu", — Administrasiya rəsmisi qeyd edib.
"Türkiyədə FETÖ şəbəkəsinə qarşı aparılan mübarizə tədbirləri Azərbaycanda da davam etdirilir. Bununla bağlı cənab prezident müvafiq dövlət qurumlarına tapşırıqlarını verib. İndiyədək bu məsələ ilə bağlı müəyyən addımlar atılıb. Lazım olan bütün addımlar da atılacaq", — B. Həsənov əlavə edib.