BAKI, 8 sen — Sputnik. Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib. Sputnik president.az-a istinadən xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Prezident Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Bunun ardınca Prezident rayondakı Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb.
Daha sonra İlham Əliyev şəhərin mərkəzində yerləşən Nikah evinin binasının açılışını edib. Məlumat verilib ki, bu bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir.