BAKI, 8 sen — Sputnik. Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində" kitabı təkrar nəşr edilib. Sputnik xəbər verir ki, sentyabrın 9-10-da paytaxtda, Dənizkənarı Milli Parkdakı "Park Bulvar" ticarət mərkəzində kitabın satış aksiyası həyata keçiriləcək.
Sentyabrın 9-u saat 15-dən başlanacaq aksiya "Park Bulvar"ın ikinci mərtəbəsində təşkil olunacaq. Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək, müəllifin hazırda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın hesabına köçürüləcək.
Yazıçı həmin xəstəxananın reanimasiya şöbəsindədir. Ə. Əliyevi bu il fevralın 14-də, Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, "Koroğlu" metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub.
Ə. Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini "Əlli dörd gün erməni mühasirəsində" adlı kitabında çap etdirib. Kitabın ilk tirajının bütün nüsxələri oxuculara pulsuz paylanıb.
Qeyd edək ki, Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb və bu səbəbdən son günlər yardım kampaniyasına başlanıb.