BAKI, 7 sen — Sputnik. Prezident İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Sputnik president.az-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarını və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdıran Sultan Əhməd bin Sulaim deyib ki, ölkəsi Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazırdır.
Bakının gözəlliyinin onu valeh etdiyini, şəhərə müxtəlif ölkələrdən çoxlu sayda turistlərin gəldiyini bildirən Sultan Əhməd bin Sulaim paytaxtın inkişafına sərmayə qoyulmasının uzaqgörən addım olduğunu vurğulayıb, bu münasibətlə Prezident İlham Əliyevi təbrik edib. Qonaq neft ölkələrinin böhrandan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunmasının önəmini vurğuladı. Sultan Əhməd bin Sulaim bu gün Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı imzalanacaq müqavilənin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına əminliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumla bu ölkəyə rəsmi səfəri zamanı keçirdikləri görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini söylədi. "DP World" şirkətlər qrupu ilə imzalanacaq bugünkü müqavilənin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən dövlətimizin başçısı başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirib.
Son dövrlər Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Körfəz ölkələrindən çoxlu sayda turistlərin gəldiyini deyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi yolunu tutduğunu, respublikamızda sənaye, turizm, nəqliyyat, kənd təsərrüfatı da daxil olmaqla bütün sektorlarda sürətli inkişafa nail olunduğunu, bütün bunların da öz növbəsində neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasına yaxşı imkanlar yaratdığını vurğulayıb.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin-Rəşid Al Maktuma çatdırmağı xahiş edib.