BAKI, 15 mart-Sputnik. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Sputnik kremlin.ru-ya istinadla xəbər verir ki, dövlət başçıları Rusiya və ABŞ-ın Suriyada atəşkəsin əldə olunmasına dəstək üzrə Beynəlxalq qrupun həmsədrləri olaraq verdikləri birgə bəyanatın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 2266 saylı qətnaməsinin dəstəklənməsi istiqamətində Rusiya-Amerika təşəbbüsləri Suriya torpaqlarında axıdılan qanın miqyasını azaldacaq.
Rusiya Prezidenti amerikalı həmkarını, Rusiya Silahlı Qüvvələrinin qarşıya qoyduğu beynəlxalq terrorizmlə mübarizə ilə bağlı operativ məsələlərin həllindən sonra hava-kosmik qüvvələrin əsas aviaqrup hissələrinin Suriyadan çıxarılması barədə qərar qəbul edildiyi barədə məlumatlandırıb. Qeyd edib ki, bu, bütün münaqişə tərəfləri üçün yaxşı siqnaldır və real sülh prosesinin başlanması üçün zəmin hazırlayır.
Rusiya və ABŞ nümayəndələrinin hərbi təmas xəttində sülhün qorunması, qapalı yaşayış məntəqələrinə humanitar yardımın çatdırılmasının təmin olunması və terror qrupları ilə effektiv mübarizə sahəsində koordinasiya işini gücləndirməsinin vacibliyi qeyd olunub. Prezidentlər Suriya münaqişəsinin siyasi nizamlanması prosesini də sürətləndirməyin zəruriliyini vurğulayıblar.
Onlar BMT-nin himayəsi altında Cenevrədə keçirilən Suriya hökuməti və müxalifəti arasındakı danışıqlara dəstək nümayiş etdiriblər. Qeyd ediblər ki, bu danışıqların nəticəsi olaraq suriyalılar öz dövlətlərinin gələcəyini müəyyənləşdirəcəklər.
Ukraynadakı vəziyyətin müzakirəsi zamanı Rusiya Prezidenti Ukrayna hakimiyyətinin Minsk danışıqları zamanı götürdüyü öhdəlikləri yerinə yetirməsinin lazım gəldiyini vurğulayıb. Liderlər, münaqişənin həlli üçün münaqişə tərəfləri ilə işin davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Telefon danışığında prezidentlər mediaya açıqlanmayan digər məsələləri də müzakirə ediblər.