BAKI, 3 sen — Sputnik. Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib.
Ölkənin milli bayramı — dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib.
Qeyd edək ki, dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb.
Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.
Ölkədə bu gündən 3 günlük matəm elan olunub.
İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.