BAKI, 3 sen — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Daha sonra lham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.
Dövlət başçısına məlumat verildi ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.
Azərbaycan prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.