BAKI, 2 sen — Sputnik. Türkiyədə davam edən terror aktları nəticəsində ölkəyə ümumilikdə 10 milyard türk lirəsi məbləğində zərər dəyib. AZƏRTAC-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə baş nazir Binəli Yıldırım açıqlama verib.
Rəhbərlik etdiyi hökumətin fəaliyyətinin 100-cü gününün tamam olması ilə əlaqədar Çankaya köşkündə keçirdiyi müşavirədə məruzə ilə çıxış edən Binəli Yıldırım diqqətə çatdırıb ki, terrorçuların yaşayış məntəqələrində qazdıqları xəndəklərin yaratdığı, həmçinin partlayışlar nəticəsində əhaliyə və təsərrüfata dəyən zərərlərin tam aradan qaldırılması üçün azı 3 il vaxt lazımdır.
Baş nazir, eyni zamanda ölkədəki aqrar siyasətin istiqamətləri, işsızliyin aradan qaldırılması, həyata keçirilən sosial və iqtisadi layihələr barədə də geniş məlumat verib.