BAKI, 2 sen — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı bu ilin 1 noyabr tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.
Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, qiymətlərin artırılması vacib idi və bu, davam etdirilməlidir: "Çünki, indiki məqamda qiymətlərin artırılması fermer təsərrüfatlarının buğda istehsalını stimullaşdıra bilər. Fermerə istehsal etdiyi buğdaya görə verilən qiymət yüksək olmalıdır ki, fermer təsərrüfatı buğda istehsalında maraqlı olsun".
"Əvvəla daxili mənbələr hesabına taxıla olan tələbin ödənilməsi və bu istiqamətdə addımların atılmasına ehtiyac var. Bir tərəfdən bu, aqrar sektorun inkişafı deməkdir. Əgər qiymət yüksək olacaqsa, fermerlər artıq məhsul istehsalında maraqlı olacaqlar. Digər üstünlüyü odur ki, bu, idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir", — mütəxəssis vurğulayıb.
O, indiki halda taxılla bağlı idxaldan asılılığın aradan qaldırılmasının real olduğunun düşünmür: "Bu, zaman tələb edəcək. Digər tərəfdən Azərbaycanda istehsal edilən buğdanın böyük hissəsi taxıl üçün yararlı deyil və onların bir qismi daha çox dən kimi aqrar sektorda istifadə olunur. Həm də məqsəd ondan ibarət olmalıdır ki, keyfiyyəti artırmaq mümkün olsun".
V. Bayramov keyfiyyətin artırılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu da qeyd edib: "İl ərzində təxminən 2,7 milyon ton taxıl istehsal edirik. Amma təəssüf ki, onun böyük bir hissəsi istehsal üçün, yəni, çörək bişirmək üçün yararlı deyil. Bu taxılın da 1,7 milyon tonu buğdadır. Amma buğda idxalı yenə yüksək olaraq qalır. Buğda, xüsusən çörək bişirmədə istifadə edilən buğda idxalı yüksək olduğu üçün, nəticədə bu, idxaldan asılılığın qorunub saxlanmasına gətirib çıxardır".
"Taxıl Fondu hər il buğda alır, amma il ərzində Azərbaycan 1,4 milyon ton buğda istehsal edir. Bu da kifayət qədər böyük bir rəqəmdir. Onun bir hissəsi dövlət ehtiyatı üçün alınan buğdadır, amma digər hissəsi sahibkarlar tərəfindən gətirilən buğdadır. Ona görə də mərhələli şəkildə idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var", — iqtisadçı əlavə edib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da ölkədə istehsal olunan buğdanın keyfiyyətindən narazıdır. "Çox təəssüf ki, Azərbaycanda istehsal olunan buğda siniflərə bölünmür. Yəni, onun keyfiyyəti ilə bağlı bəzi problemlər var. Belə olan halda buğda tədarükünün alış qiymətinin lap 2 dəfə artırılmasının da bir faydası yoxdur. Buğdanın sinfə ayrılması xüsusi texnologiya tələb edir və bunu bizim sahibkarlar istehsal prosesi zamanı həyata keçirməlidir", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, son 3-4 ildə bu sahədə istehsal ilə məşğul olan bəzi inhisarçılar peyda olub: "Onlar kifayət qədər böyük həcmdə taxıl istehsal edirlər, xüsusən də buğda. Düşünürəm ki, qiymət artımı onlara xidmət edəcək. Düşünmürəm ki, adi fermerin, taxıl, buğda istehsal edən kəndlinin məhsulunu qəbul etsinlər".
O, qeyd edib ki, Azərbaycan 2014-cü ildə 1 milyon 500 min ton, 2015-ci ildə 1 milyon 358 min ton, 2016-cı ildə 788 min ton çox buğda idxal edib: "7 ay ərzində idxal edilən bu qədər buğda bizim 7 aylıq ərzaq buğdasına olan tələbatımızın 100 faizdən də çox ödənilməsi deməkdir. Yəni, Azərbaycanın istehsal etdiyi buğda un üyütmədə istifadə olunmur".