BAKI, 1 sen — Sputnik. Yeni dərs ilinin başlanmasına cəmi 15 gün qalıb. Lakin məktəbli ləvazimatları satılan mağazalarda canlanma müşahidə olunmur. Mağaza satıcılarının dediklərinə görə, hər il bu vaxtlar kifayət qədər alıcı olsa da, indi müştəri sarıdan zəifçilikdir.
Sputnik-in əməkdaşı mövzunu yerində araşdırmaq üçün paytaxtın bəzi mağazalarında olub və qiymətlərlə maraqlanıb. Əhalinin sıx olmasına baxmayaraq, "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı mağazalarda vəziyyət elə də ürəkaçan deyil. Satıcı Rahilə Eyvazova deyir ki, ötən illərdən fərqli olaraq, bu il alıcı qıtlığı yaşanır.
"Təkcə bu mağazada yox, hər yerdə belədir. Ümumiyyətlə, şəhər içində alver zəifdir. Valideynlər 5-10 manat irəli düşməkdən ötrü övladları üçün məktəbli ləvazimatlarını gedib Sədərəkdən, Binədən alırlar. Açığı, onları qınamaq olmaz, çünki mallar bahalaşıb, ona görə də alıcılar azalıb", — deyir satıcı.
R. Eyvazovanın sözlərinə görə, keçən illə müqayisədə qiymətlər 25-30 % bahalaşıb və bu proses hələ davam edir: "İbtidai siniflər üçün test kitabçaları, dəftərlər, xətkeş, qələm, gündəliklər və s. ləvazimatların qiyməti 30%-dən çox artıb. Məsələn, ötən il 1 manata satılan gündəliklər hazırda 1 manat 30 qəpik olub. Ən çox bahalaşan məktəb ləvazimatı isə A4 kağızıdır. Keçən il 3 manat 50 qəpiyə satılırdısa bu ilki qiyməti 5 manat 50 qəpiyə qalxıb. Eynilə də, karandaş qutusunun qiyməti də 1 man 50 qəpik artıb və 3 man 50 qəpik olub".
Digər mağazalarda da vəziyyət eynidir. Əvvəl 40 manata satılan məktəbli çantalarının qiyməti hazırda 70 manatdır. Mağaza sahibi Eldar Əliyarovun dediyinə görə, qiymət artımına səbəb dolların bahalaşmasıdır: "Demək olar, hər şey xaricdən gətirilir. Bizdə, axı çanta, qələm, karandaş, xətkeş istehsal edən fabrik yoxdur. Ona görə də, nə varsa, hamısı xaricdən dollarla gəlir".
Lakin müşahidələr zamanı gördük ki, bəzi mağazalar əlacsızlıqdan malların çoxunu əvvəlki qiymətlərlə satır. Belə mağazalardan birində satıcılıq edən Maral xanım deyir ki, indiki qiymətlərə, onsuz da yaxın duran yoxdur: "Məktəbin də açılmasına az qalıb, ona görə daha çox ziyan olmasın deyə bəzi malları əvvəlki qiymətlərə satırıq".
Apardığımız araşdırma göstərir ki, bütün mağazalarda qiymət artımı var. Orta hesabla bir uşağı məktəbə qaydasında yola salmaq üçün valideynlər 120-170 manat pul xərcləməlidirlər.
Ayaqüstü söhbət apardığımız valideynlərin hamısı gedişatdan ciddi narahat olduqlarını dedilər. "Axı bu nə komediyadır. Kimsə buna səs çıxaracaq, ya yox? Millət vəkilləri haradadırlar? Onlar nə işə yarayırlar? Niyə oturublar Milli Məclisdə? Kütləvi bahalaşmanın qarşısını niyə almırlar? 300-400 manat maaş alan insan, bu pula heç tək özünü dolandıra bilmir, o ki qaldı uşaq oxutmağa", — 3 uşaq anası Qərənfil Rzayeva gileyləndir.
Digər valideynlər də oxşar problemləri dilə gətirərək, hökuməti bir çarə tapmağa çağırıblar.
Bütün bu neqativliyə baxmayaraq, hələ də paytaxtın bəzi yerlərində ucuz məktəbli ləvazimatları tapmaq olar. Lakin sözügedən ləvazimatlar keyfiyyət baxımdan digərlərindən geri qalır. Söhbət "28 may" metrostansiyasının çıxışındakı keçiddən gedir.
Orada da çoxlu sayda məktəbli ləvazimatları satan mağazalar var və həmin mağazalarda qiymət artımı demək olar ki, yoxdur. Satıcıların dediklərinə görə, onlar əhalinin güzəranını bildikləri üçün bahalı alman, Avropa məhsulları sifariş vermirlər, malları ancaq Çindən gətizdirirlər.