BAKI, 31 avq — Sputnik. "Bankların valyuta satışını, xüsusilə də dolların satışını məhdudlaşdırmasının əsas səbəbi odur ki, banklar tələb olunan valyutanı hərraclarda əldə edə bilmir. Son dövrlərdə müşahidə olunan odur ki, hərraclara çıxarılan valyutanın həcmi ümumi tələbatdan 10-11 dəfə aşağı olur. Bu da bankların öz valyuta satışlarını məhdudlaşdırması haqqında qərar qəbul etməsinə gətirib çıxardan amillərdən biridir".
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, bankların ilk növbədə işi müştərilərinin qarşısında olan öhdəliklərini yerinə yetirməkdir: "Yəni, onların valyuta tələblərini ödəməkdir. Hərraclardan istədikləri valyutanı ala bilmədikləri üçün bu gün artıq valyutanın alışı və satışı arasında, əsasən dolların alışı və satışı arasında demək olar ki, fərq minimum həddə qədər azalıb. Faktiki olaraq banklar daha çox hərraclarda keçiriləndən qat-qat baha qiymətə əhalidən, vətəndaşdan dollar yığımına başlayıb. Çünki, onlar öz müştərilərinin tələbatını ödəyə bilmir".
İqtisadçının sözlərinə görə, hazırda idxal ilə bağlı mövsüm dövrüdür və belə bir şəraitdə biznesin dollara tələbi artıb: "Banklar daha çox bu istiqamətə üstünlük verir. Məhz bu səbəbdən də bəzi banklar demək olar ki, valyuta satışını həyata keçirmir və yaxud məhdudlaşdırıb. Yəni, burada sadəcə tələbatın ödənilməməsindən söhbət gedir və hərraca çıxarılan valyuta da kifayət qədər azdır".
"Hazırda neftin qiymətinin ucuz olduğu müddətdə manatın məzənnəsini itirmə ehtimalı davam edir. Bu proses bu gün müşahidə olunur və bundan sonrakı dövrlərdə də bu, özünü göstərəcək. Çünki, xüsusilə xarici ticarət saldosunda vəziyyət əvvəlki illərlə müqayisədə kifayət qədər Azərbaycanın əleyhinə dəyişib. Belə ki, əvvəlki dövrlərdə xarici ticarət saldosu müsbət 10-15 milyard dollar olduğu halda, hazırda bu göstərici bəzi aylarda hətta mənfiyə doğru yönəlib. Ümumi nəticədə isə mənfidir. Bu isə o deməkdir ki, ölkəyə daxil olan dolların həcmi kifayət qədər aşağı düşüb", — R. Həsənov vurğulayıb.
Onun fikrincə, əgər neftin qiyməti hansısa fors-major səbəblərdən qısa müddətə bahalaşmazsa, növbəti dövrlərdə manatın ucuzlaşması davam edəcək və bu, ucuz neft satışının müddətindən asılı olacaq: "Əgər 1-2 il Azərbaycan yenə də bugünkü qiymətlərlə neft satmış olarsa, düşünürəm ki, 2 il ərzində 1 ABŞ dolları hətta 3 manat 50 qəpiyə qədər bahalaşa bilər. Amma 1-2 ay sonra hansısa səbəblərdən neftin qiyməti 60-70 dollara qədər bahalaşarsa, bu zaman manat təxminən 5-10 faiz həddində möhkəmlənər".
Ekspert bildirib ki, hazırda faktiki olaraq qeyri-neft sektorunun məzənnə siyasətinə dəstəyi kifayət qədər məhduddur: "Qısa müddətdə bu istiqamətdə nəticələrin də əldə edilməsi çox çətindir. Çünki, hələ qarşıda normal rəqabətqabiliyyətli istehsal mühitinin formalaşdırılması, ixrac prosesinin həyata keçirilməsi, bazarların tapılması və s. məsələlər var. Yəni, həllini tapmalı məsələlər var. Bu məsələlər də zaman tələb etdiyi üçün, əgər 3-5 il ərzində neftin qiymətində artımlar baş verməzsə, ölkə iqtisadiyyatında müəyyən qədər baş verənlərə uyğunlaşma səbəbindən 1 ABŞ dolları 2020-ci ildə hətta 4-5 manata qədər bahalaşa bilər".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında son bir ayda müşahidə olunan nağd ABŞ dolları qıtlığı problemi daha da dərinləşib. Avqustun 31-də dolların satışını həyata keçirən banklar arasında "Azər-Türk Bank" ASC adambaşına 300 dollar, "Amrahbank" ASC — 200 dollar, "Bank of Baku" və "Expressbank" ASC-lər isə adambaşına 100 dollar satır. "AFB Bank", "Atabank", "Caspian Development Bank", "AG Bank" ASC-lər isə ümumiyyətlə nağd dollar satışını dayandırıb.
Hazırda "Azər-Türk Bank"ın "Bakı" filialında (28 May küçəsi) təxminən 130 nəfərlik növbə olduğu bank operatoru tərəfindən bildirilib. Digər filiallarda da vəziyyətin eyni olduğu, uzun növbələr yarandığı xəbəri verilir. "Qara bazar"da dolların satışının 1,74-1,75 AZN/USD-yə qədər yüksəldiyi bildirilir. Halbuki, bugünkü rəsmi məzənnə nəzərə alınmaqla (1,6321 AZN/USD), kommersiya bankları nağd dollar satışını maksimum 1,6974 AZN/USD məzənnəsi ilə (4%-lik marja ilə) apara bilər.
"Təbii ki, "qara bazar"ın formalaşmasına məhz banklarda yaranmış dollar qıtlığı səbəb olur. Bu qıtlığın aradan qaldırılması üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan valyuta hərraclarında valyuta təklifinin artırılması vacibdir. Əks halda, yaxın günlərdə "qara bazar"da dolların məzənnəsinin 2,00 AZN/USD-yə çatacağı istisna edilmir", — deyə "Report"un analitikləri qeyd ediblər.