Avstraliya yazıçısı Qreqori Devid Robertsin "Şantaram" əsərindən təsirlənən bir fotoqraf, yay tətilini bol günəşli Hindistan kurortlarının çimərliklərində keçirməyə qərar verib. O, səfər zamanı gördüklərindən dəhşətə gəlib və üzləşdiyi mənzələrin şəkillərini çəkib.
Müəllif "Tac Mahal"ı şəkillərdə görərək ora getməyə can atan şəxsləri xəyal qırıqlığına uğradıb. Hindistan təkcə hind filmlərində gördüyümüz kasıb oğlanın qəflətən milyonerə çevrildiyi, kasıbların dostu, müdafiəçisi olduğu, sevgi-məhəbbətə sitayişin edildiyi ölkə deyil. Orada 21-ci əsrin orta statistik azərbaycanlısının təsəvvürünə belə, gətirə bilməyəcəyi iyrənc və qorxunc həyat tərzi mövcuddur.
Sputnik morediva.ru saytına istinadla sizə bu dəfə, adətən hind filmlərinin kadrlarının arxasında qalan Hindistanı təqdim edəcək. Bu şəkillərdən görəcəksiz ki, əsl Hindistan mədəniyyəti, ənənələri və milli koloriti nə deməkdir. Orijinal Hindistan budur. Əgər nə vaxtsa bu ölkəyə səyahət etməyi düşünsəniz, görəcəyiniz mənzərələrdən şoka düşməyəsiniz.
Hindistan 4-5 min il əvvəl mövcud olmuş (b.e.ə. 3300-1300) Harappo mədəniyyətinin qalıqlarının varisidir. Bir müddət əvvəl tədqiqatçılar Hindistanda 4 min il yaşı olan daş tualet çanağı (unitaz) tapmışdılar. Bu tapıntı ilə eyni vaxtda Hindistanın ekologiya naziri bəyan etmişdi ki, Hindistanda əhalinin yalnız 37%-i təbii ehtiyaclarını ödəmək üçün tualetdən istifadə edir.
BBC-nin məlumatına görə, Hindistanda 500 milyondan çox adamın tualeti yoxdur. Çöllük ərazidə yaşayanlar, ümumiyyətlə, tualet mədəniyyətindən uzaqdırlar. Kənd evlərinin 70%-də tualet yoxdur. Hər il gigiyenik şərtlərin pis olması üzündən 5 yaşından aşağı 140 min uşaq müxtəlif xəstəliklərə yoluxaraq həlak olur.