BAKI, 31 avq — Sputnik. Proqnoz hesablamalara əsasən, 2050-ci ildə Azərbaycanda əhalinin sayı 12 mln. nəfər olacaq. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarının və demoqrafik proyeksiyaların hazırlanması ilə bağlı keçirilən iclasda səslənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə verilən məlumata görə, iclasda aidiyyəti dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının, BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlarından biri də ölkədə müsbət demoqrafik vəziyyətin mövcudluğu, əhalinin sabit artım tempinin müşahidə edilməsidir: "2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq 2016-cı il 1 iyul tarixinə 9755,5 min nəfərə çatıb. 2015-ci ildə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara əsasən ölkədə əhalinin sayı 2050-ci ildə 12 mln. nəfər təşkil edəcək".
Müsbət demoqrafik faktorlardan biri də ötən il əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2003-cü ildəki 6-dan 2015-ci ildə 5,7%-ə enməsidir: "Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 təşkil edib".
Bu müsbət tendensiyaların eyni zamanda doğulanda gözlənilən ömür uzunluğunun artması ilə də müşahidə edilir: "Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş idisə, 2015-ci ilin nəticələrinə görə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub".
Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə əmək ehtiyatlarının sayı 29 faiz artaraq 4923 min nəfərdən 6335,9 min nəfərə çatıb: "Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz, iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci ildə 65,3 faizə çatıb".
Keçən 25 ildə əhalinin yaşlaşma meyli də müşahidə olunub. 2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20 faiz artıb: "Bu təbəqənin xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda, 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib".
1990-cı illərin əvvəllərində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi: "Sonrakı illərdə respublikada aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib".
Bununla belə, ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrilib: "Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər". Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər: "Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlərin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır".
Davamlı demoqrafik inkişafın təmin edilməsi üçün yeni "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)" layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur: "Proqramda ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi prioritet istiqamətlər kimi əksini tapır. Həmçinin əhalinin ölüm və xəstələnmə səviyyəsinin azaldılması, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr və elmi potensialın inkişaf etdirilməsi də Proqramda prioritet istiqamətlər sırasına daxildir".
Həmin layihənin hazırlanması və təkmilləşdirilməsi işlərində aidiyyəti qurumlarla, eyni zamanda BMT-nin Əhali Fondu ilə, beynəlxalq ekspertlərlə daim fəal əməkdaşlıq həyata keçirilib: "Həmin Dövlət Proqramı ilə əlaqədar mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması nəzərdə tutulur. Ötən dövrdə BMT-nin Əhali Fondu ilə birgə ölkənin, eləcə də ilk dəfə olaraq iqtisadi rayonların əhali proqnozlarının və demoqrafik proyeksiyaların hazırlanması işlərinə başlanılıb. Bu işlər gələcək demoqrafik inkişaf üçün kompeks tədbirlərin müəyyən edilməsində mühüm önəm kəsb edir. Hazırda keçirilən iclas da qeyd olunan işlərin davamı olmaqla, əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələlərinin müzakirəsinə həsr olunub. Hesab edirəm ki, burada aparılacaq müzakirələr sözügedən proqnozların keyfiyyətinə öz töhfəsini verəcəkdir".
Bu baxımdan ölkəmizdə səfərdə olan və hazırda bu iclasda iştirak edən, Çexiyanın Karlov Universitetinin professoru, beynəlxalq ekspert Tomaş Kuçeranın da qeyd edilən işlərdə fəal dəstəyi yüksək dəyərləndirilib. T.Kuçera ölkəmizdə demoqrafik proseslərin inkişafı üçün aparılan məqsədyönlü siyasətin təqdirəlayiq olduğunu bildirib. Daha sonra o, demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə dünya təcrübəsi, əhali proqnozlarının hazırlanmasında yanaşmalar, ölkəmizdə əhali üzrə proqnozlar sisteminin yaradılması və s. ilə bağlı təqdimatla çıxış edib.
İclas respublikanın və iqtisadi rayonların əhali proqnozlarının hazırlanması məsələlərinə dair çıxış və müzakirələrlə davam edib, proqnozların hazırlanmasına dair iştirakçılar tərəfindən rəy və təkliflər ifadə olunub.