Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

PKK niyə polisi hədəf seçib?

© olympiada.files.wordpress.comPKK terror
PKK terror - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Türkiyədə təhlükəsizlik qüvvələri və hava limanlarının hədəfə alınmasını müxtəlif prizmalardan izah edirlər

BAKI, 30 avq — Sputnik. Türkiyədə baş verən terror aktlarının əksəriyyətində hədəf polis və hava limanları olur. Buna müxtəlif səbəblərdən yorum vermək olar. İstənilən halda, terrorun təhlükəsizlik qüvvələrinə və ölkənin giriş-çıxış məkanlarına saldırması ciddi narahatlıq doğurur.

© Photo : Orxan Qafarlının şəxsi arxivindənOrxan Qafarlı
Orxan Qafarlı - Sputnik Azərbaycan
Orxan Qafarlı

"Türkiyədə və dünyada terror təşkilatları 2 qrupa ayrılır. Birincisi dini terror qruplarıdır. Məsələn, Əl-Qaidə, Taliban, İŞİD və s. İkincisi daha çox anarxist, dini təmayüllü olmayan qruplardır. Məsəl üçün, PKK, Latın Amerikası ölkələrində olan fərqli qruplar və s. Bunlar bir ölkə ilə savaşarkən və ya ölkədə ayrı-seçkiliyi, ekstremist fikirləri yayarkən terroru daha çox təhlükəsizlik güclərinin olduğu yerlərdə törədirlər".

Bunu Türkyədə yaşayan həmyerlimiz, politoloq Orxan Qafarlı Sputnik-ə açıqlamasında deyib. "Bir çox Avropa ölkələrində hələ də bunların terrorçu adlandırılmamasının əsas səbəbi budur. Onların əsas hədəf aldıqları təhlükəsizlik gücləridir. Yəni, polis və əsgərlərdir. Beynəlxalq hüquq, Qərbdə onların terrorçu olaraq tanınmasının qarşısını alır", — o bildirib.

Siyasi şərhçi nəzərə almağı vacib hesab edir ki, 2015-ci ildə PKK terror hadisələri zamanı vətəndaşları da hədəf almışdı: "Xüsusilə 2016-cı ilin mart ayında Ankarada törədilən terror hadisəsi dəhşətli idi, bir sıra vətəndaşlar həlak oldu. Təsadüfən və ya bilərəkdən vətəndaşlara qarşı da belə bir şiddət göstərilib".

"Amma fikrimcə, heç bir terror təşkilatı polis və əsgəri hədəf alaraq haqlı bir mübarizə apardığını kimsəyə sübut edə bilməz. İstənilən fikir sivil, müzakirə yolu ilə həll edilməlidir. Polis də, əsgər də bu dövlətin, Vətənin övladıdır", — O. Qafarlı qeyd edib.

Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu isə Sputnik-ə açıqlamasında deyib ki, hava limanları və təhlükəsizlik orqanlarına hücumların əsas məqsədi təbliğat və qorxu yaratmaqdır: "Bu iki yer terrorun səsinin duyurulması üçün böyük önəmə sahibdir. Həm cəmiyyətin qorxusunu artıraraq kənara çıxmasına mane olmaq, həm də təhlükəsizlik güclərinin zəif olduğunu göstərmək baxımından bu hadisələr eyni nöqtələrdə təşkil edilir. Ancaq Türkiyə əhalisi bunun kimi cəhdlərə fürsət vermir".

© Photo : RFE/RLİlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert - Sputnik Azərbaycan
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə məsələyə başqa prizmadan yanaşır. O, Sputnik-ə şərhinə görə, Türkiyədə 15 iyuldan sonra təhlükəsizlik idarələrində rekonstruksiya aparıldı, çox şeyləri polisə tapşırdılar: "15 iyuldan sonra polisə inam daha da artdı. Çevriliş cəhdinin qarşısının alınmasında polis daha çox iştirak etdi. Ona görə də onlar qəsdən hədəf alınır. Bu da səbəb ola bilər".

Ekspert bildirib ki, son hadisələri törədən PKK-dır: "PKK-nın əsas hədəfi daim əsgərdən çox elə polis olub. Həm də əsgərdən fərqli olaraq polisin qorunmasında bir az zəiflik var. Kürdlərin daha çox kompakt yaşadıqları yerlərdə terroru həyata keçirirlər. Yerli əhaliyə zərər gəlməsin deyə konkret olaraq polisi seçirlər. Bu, hələ davam edəcək".

Xəbər lenti
0