BAKI, 30 avq — Sputnik. "The New York Times" qəzeti Suriyada gedən döyüşlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə Müdafiə Nazirliyinin (Pentaqon) fərqli qüvvələri dəstəklədiyini yazıb. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, qəzet Azad Suriya Ordusunun (ASO) üstüörtülü şəkildə CIA tərəfindən, PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin isə Pentaqon tərəfindən dəstəkləndiyini yazıb.
"The New York Times" qəzeti Suriyadakı döyüşlərdə "Müxaliflər kürdlərin nəzarət etdiyi bölgəni təhdid edir" başlıqlı yazıda ABŞ-ın iki ayrı tərəflə müttəfiq olduğunu qeyd edib. Qəzet Suriyanın Cerablus qəsəbəsini terror təşkilatı İŞİD-dən alan Türkiyə dəstəkli Azad Suriya Ordusunun CIA tərəfindən və terror təşkilatı YPG-nin rəhbərlik etdiyi "Demokratik Suriya Güclərinin" (DSG) də Pentaqon tərəfindən dəstəkləndiyini ifadə edib.
"Ana Barnard" imzası ilə qələmə alınan məqalədə Suriyadakı döyüşdə CIA və Pentaqonun fərqli qrupları dəstəklədiyi və bu vəziyyətin gərginliyə səbəb ola biləcəyi bildirilib, həmçinin Türkiyənin hava dəstəyi ilə ASO-nun Cerablusu aldığı və İŞİD-in ölkənin şimalına doğru geri çəkildiyi məlumatına yer verilib.
Qəzet CIA və müttəfiq kəşfiyyat təşkilatları tərəfindən dəstəklənən ASO-nun qərbə doğru irəlilədiyini və Pentaqonla birlikdə davranan DSG-nın çətiri altındakı YPG ilə qarşı-qarşıya gəlməsinin gözlənildiyini bildirib. Qəzet, əslində Suriyada döyüşən tərəflərin iki fərqli ABŞ təşkilatı olduğunu vurğulayıb.
ABŞ-ın keçən həftə suriyalı müxaliflərə, Türkiyəyə və YPG-yə verdiyi dəstəyi tarazladığı deyilən xəbərdə bu, balanslı siyasətin bir parçası olaraq YPG-yə "Fərat çayının şərqinə geri dönmələri lazımdır" xəbərdarlıq etdiyi bildirilib.