BAKI, 30 avq — Sputnik. “Yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli ilə görüşü zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Prezident son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğulayıb. Bildirilib ki, “Şahdəniz-2” layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Seyid Məhəmməd Hüseyn Adeli isə bundan əvvəl prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd edib.
Qonaq məlumat verib ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.
Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.