BAKI, 30 avq — Sputnik. Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu barədə Trend-ə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı — Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.
Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Kanal S xəbər verir ki, hadisə avqustun 29-da axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.
Yaralılardan bəzilərinin şəxsiyyəti məlumdur. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.