BAKI, 29 avq — Sputnik. Norveçdə yaşayan türklər paytaxt Osloda 15 iyul çevriliş cəhdinə qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar həm də PKK və DEAŞ terror təşkilatlarına qarşı şüarlar səsləndiriblər.
Norveç Türk Cəmiyyətləri Federasiyası tərəfindən təşkil edilən yürüş İstiqlal marşının oxunması və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Sputnik TRT-yə istinadən xəbər verir ki, aksiyada türk vətəndaşları ilə yanaşı Norveçin siyasi xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
Norveç Türk Cəmiyyətləri Federasiyasının sədri Haticə Almacıoğlu açıqlama verərək deyib ki, çevriliş cəhdinin millət olaraq əleyhinəyik. Ölkəmiz və dövlətimiz içində yerləşən FETÖ-nü qınayırıq. Hal-hazırda təşkilatda olanları da bu təşkilatdan ayrılmağa çağırırıq. Xüsusilə Avropa mediası bilərək Türkiyəni qaralayan yalan xəbərlər yayır. Media bundan imtina etməlidir.