BAKI, 27 avq — Sputnik. İrəvan hava limanında ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı saxlanılıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Saxlanılan Sergey Mironovun informasiya texnologiyaları sahəsinin mütəxəssisi olduğu bildirilir. Məlumata görə, ABŞ Sergey Mironovu silah alverində şübhəli bilərək beynəlxalq axtarışa verib. Mironovun həyat yoldaşı saxlanılma barədə Rusiya səfirliyini məlumatlandırıb.
Mironovun vəkili Karen Nersesyan bildirib ki, müdafiə etdiyi şəxsə saxlanılarkən bildirilib ki, o, 50 min dollar məbləğində “çirkli pulların yuyulmasında” və texnologiyaların ötürülməsində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Vəkilin sözlərinə görə, Mironov Rusiya-Belarus şirkətində video texnologiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışıb və onun hərbi texnologiyalarla əlaqəsi olmayıb.
Onun Ermənistanda istirahətdə olduğu, ABŞ-da isə cəmi bir dəfə — 2013-cü ildə bir həftəlik ezamiyyətdə olduğu bildirilir.
Hazırda Mironov təcridxanada saxlanılır. Məhkəmədə onun ABŞ-a ekstradisiya olunması məsələsinə bazar ertəsi baxılacağı bildirilir.
Nəşr Mironovun adının İnterpolun beynəlxalq axtarışa elan olunan şəxslərin siyahısında olmadığını iddia edir.