İlham Mustafa, Sputnik Azərbaycan
Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, yağış ilə müşaiyət olunan qasırğa nəticəsində bina və evlərə, o cümlədən, rayonun Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər yaşayış məntəqələrində çoxsaylı yaşayış və sosial-inzibati binalara güclü ziyan vurub. Daşkəsən şəhər S.Vurğun küçəsi 15, Ş.İ.Xətai küçəsi 3 nömrəli yaşayış binalarının dam örtüyü tamamilə sıradan çıxıb, güclü külək nəticəsində taxta konstruksiyalarla birlikdə binanın üstündən aşıb. Rayon Hidrometeorologiya stansiyasının məlumatına görə küləyin sürəti saniyədə 33-37 m təşkil edib. Rayon əhalisi son bir neçə il ərzində Daşkəsəndə belə güclü külək müşahidə olunmadığını bildirir.
Həmçinmin qasırğa rayonun elektrik təssərüfatınada ziyan vurub. Rayon icra hakimiyyətindən Sputnikə verilən məlumata görə səhər 05-00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır.
Təbii fəlakət zamanı xəsarət alan olmayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyi ilə yerli Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcmini müəyyənləşdirir. Aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.