Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Lənkəranda 2016-cı ilin aprel döyüşlərində iştirak edən döyüşçülərlə görüş keçirilib. Tədbirdə Müdafiə nazirliyinin və Rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edən Müdafiə nazirliyinin rəsmisi Abdulla Qurbani qeyd edib ki, aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, lənkəranlıların da böyük ruh yüksəkliyinə səbəb olub. O, həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, lənkəranlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini diqqətə çatdırıb.
Tədbirdə Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışılıb. Qeyd olunub ki, vətən uğrunda döyüşən canından və sağlamlığından keçən oğullar heç vaxt unudulmayacaq və xalqın yaddaşın bir igidlik nümunəsi kimi qalacaqlar. Həmçinin dövlətimiz də istər şəhid olanların ailələrinə, istərsə də yaralanan, sağlamlığını itirən döyüşçülərdən diqqəti əsirgəmir, onlar daim qayğı ilə əhatə olunur.