BAKI, 25 avq — Sputnik. Cəmi 30 ildən sonra ölmüş adamı diriltmək mümkün olacaq. Sputnik-in məlumatına görə, Amerikanın "Humai" şirkətinin ambisiyalı layihəsi imkanlı adamlara ölümdən sonra öz beyinlərini dondurmağı təklif edir.
Çünki 2045-ci ildən sonra bu beyni bionik bədənə transplantasiya etmək mümkün olacaq. Layihənin müəllifi, Birləşmiş Ştatlardan olan sahibkar Coş Bokaneqra əmindir ki, insanın qocalması prosesini dayandırmaq cəhdləri əhəmiyyətsizdir.
Onun sözlərinə görə, bununla belə, insan beyninin qorunub saxlanması üsulu ilə onun şəxsiyyətini də saxlamaq mümkün olacaq. Bokaneqra hesab edir ki, beyni tam şəkildə bədəndən çıxarıb saxlamaq və sonra bionik bədənə nəql etmək mümkündür.
Bir sözlə, insanlar eyniadlı filmdə olduğu kimi avatarların köməyi ilə dirilə biləcəklər. Bu istiqamətdə işlərin görülməsini, baş ofisi Los-Ancelesdə yerləşən "Humai" şirkəti öz üzərinə götürüb. Şirkətin elmi əməkdaşları tibbi robotexnika və gen mühəndisliyi sahəsində bu istiqamətdə araşdırmalar aparmaq niyyətindədir.