BAKI, 24 avq — Sputnik. Suriya Xarici İşlər Nazirliyi Türkiyə Ordusunun "Fırat Kalkanı" əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, xarici işlər naziri Vəlid Muallim "Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya bunu sərt şəkildə qınayır" deyib.
Rəsmi Dəməşq Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçün BMT-nin tədbir görməsini tələb edib.
Xatırladaq ki, Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib. Tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir. Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.