BAKI, 23 avq — Sputnik. Almaniya hökuməti "soyuq müharibə"nin başa çatmasından bəri ilk dəfə vətəndaşlarına, ölkədə fövqəladə vəziyyət zamanı üçün su və qida tədarük etmələrini məsləhət görüb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, bu xəbərdarlıq Almaniya Daxili İşlər Nazirliyinin hazırladığı yeni mülki müdafiə planında əksini tapıb.
Yeni mülki müdafiə planında fövqəladə vəziyyətlərdə xilasetmə qruplarının hər yerə çata bilməməsi ehtimalına qarşı, vətəndaşların özlərinə 5 gün çatacaq qədər su və 10 gün çatacaq qədər qida saxlamaları tövsiyə edilib.
Sənəddə Almaniya sərhədlərində bir hücum ehtimalının olmadığı, yenə də ölkənin təhlükəsizliyini təhdid edə biləcək halların gözardı edilə bilməyəcəyi deyilib. Bu səbəbdən də yeni bir mülki müdafiə planının lazımlı olduğu söylənilib.
Yeni plan çərşənbə günü hökumətə təqdim ediləcək. Yaşıllar Partiyasından olan deputat Konstantin von Notz mülki müdafiə planının 1995-ci ildən bu yana yenilənmədiyini, ona görə də bunun məntiqli olduğunu bildirib.