BAKI, 23 avq — Sputnik. Xəbər verdiyimiz kimi, avqustun 22-də Yeni Gəncə qəsəbəsində yerləşən "Yeni Gəncə Özəl Tibb Mərkəzi"ində əməliyyat zamanı ölüm hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan Sputnik-ə verilən məlumata görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Vuqar qızı Orucova, burundan estetik əməliyyat olunan zaman vurulan narkozdan ayılmayıb.
Həkimlər tərəfindən bu halın qarşısını almaq üçün tibbi yardımlar göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir.
Qeyd edək ki, əməliyyat zamanı ölən qızın qohumları əməliyyatda iştirak edən 2 həkimi döyüblər. Müxtəlif dərəcəli xəsarətlər alan hər 2 həkim reanimasiya şöbəsinə yerləşdirilib.