BAKI, 22 avq-Sputnik. Avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı Respublikamızda 203 minə yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb.
Bu barədə məlumatı Sputnik-ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DİN BDYPİ) verib.
Avqustun əvvəlindən başlayaraq ölkə ərazisində yol hərəkəti təhlükəsiziliyinin təmin edilməsi, o cümlədən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə DİN BDYPİ —nin əməkdaşları respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı genişmiqyaslı reydlər keçiriblər.
Təkcə avqust ayının 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 155 fakt, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 10 mindən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 500-dən çox qayda pozuntusu aşkar edilib.
Təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
BDYPİ yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlərin davam etdirildiyini bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Bildirib ki, sürücülər bununla həm özlərinin, həm də hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarını təhlükədən xilas etmiş olarlar.