BAKI, 22 avq — Sputnik. Bakıda gənc oğlan sevdiyi qızın 14 yaşlı qardaşını öldürüb. Bu barədə Sputnik-ə Binəqədi rayon Polis İdarəsindən məlumat veriblər.
Ötən bazar günü, saat 22 radələrində Binəqədi qəsəbəsində qətl hadisəsi baş verib. Qəsəbədəki evlərdən birində 2002-ci il təvəlüdlü Məmmədov Anar Əli oğlu ürəyinə dəyən bıçaq zərbəsindən ölüb, onun böyük bacısı, 1989-cu il təvəllüdlü Məmmədova Əfsanə Əli qızı isə yaralanıb. Sonuncu qarnından aldığı bıçaq yarasına görə Tibbi Kliniki Mərkəzə yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi operativ- axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən şəxs saxlanılıb. O, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Fidani Məhərrəm oğludur.
Polisin verdiyi məlumata görə, Fidani qızla görüşürmüş. İlkin araşdırmaların nəticələrinə görə, İsmayılov Məmmədovlarla münasibətinə aydınlıq gətirmək istəyib.
Hadisə vaxtı Əfsanənin valideynləri evdə olmayıblar, orada yalnız qızın kiçik qardaşı olub. Hələlik məlum olan budur ki, İsmayılov qızı bıçaqlayandan sonra gənclər arasında münaqişə baş verib. Fidani Əfsanəni öldürmək istəyib. Anar isə bacısını qorumaq məqsədilə onu sinəsinə sıxıb və bu vaxt bıçaq zərbəsi alıb.
Hadisəni törədən şəxs istintaqdan gizlənməyə çalışsa da, saxlanılıb. O, istintaqa verdiyi ifadədə bildirib ki, Əfsanəni sevib, onunla evlənmək istəyib. Amma Əfsanə onun sevgisinə qarşılıq verməyib, hər dəfə onu rədd edib. O da qərara gəlib ki, Əfsanə ya onun olmalıdır, ya da heç kimin.
Rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.