CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşən Lənkəranskinin öldürülməsinin şok təfərrüatları

© Photo : PUBLIC DOMAINПростреленный автомобиль Ровшана Лянкяранского
Простреленный автомобиль Ровшана Лянкяранского - Sputnik Azərbaycan
Abunə olmaq
Kriminogen situasiyalar üzrə ekspertlər müxtəlif versiyalar irəli sürürlər. Məsələn, Aslan Usoyanı türk hakimiyyətinin muzdla tutduğu qatil öldürüb. Səbəb onun kürd terrorçuları maliyyələşdirməsi olub.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

Rövşən Lənkəranski kimi məşhur olan azərbaycanlı “qanuni oğru”nun qətlini kim sifariş edib? Kriminal dünyada baş verənləri izləyənləri bu sual narahat edir.

Rövşən Lənkəranski hücumdan dərhal sonra ölüb 

Türkiyə mediasının məlumatına görə, Rövşən Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında qətlə yetirilib. İki naməlum şəxs səsboğucusu olan tapança ilə lüks oteldən çıxaraq Range Rover markalı avtomobilə əyləşən Canıyevi atəşə tutub. Avtomobilin salonunda həmçinin sürücü və cangüdən olub. İlkin məlumatlara görə, hadisə yerində kriminal avtoritetin sürücüsü ölüb. Cangüdən isə yaralanıb. Lakin sonradan bildirilib ki, Canıyev bir neçə saatdan sonra xəstəxanada deyil, elə hücum vaxtı ölüb. O çoxsaylı güllə yarası alıb. Güllələrdən biri gözünə dəyib. Həmin vaxt Canıyevin sürücüsü və cangüdəni ağır yaralı olub. 

“Qanuni oğru”nun ətrafındakı mənbə Sputnik-ə bildirib ki, atəşə tutulan avtomobilin sahibi Bakıda biznesi olan Tahir adlı Türkiyə vətəndaşıdır. Türkiyə KİV-i artıq Tahirin istintaqa ifadə verdiyini yazıb. 

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
Rövşən Lənkəranski torpağa tapşırıldı

Eyni zamanda Rövşən Lənkəranskinin qətlində şübhəli bilinən 3 nəfərin saxlanıldığı xəbəri yayılıb. Türkiyənin hüquq-mühafizə orqanları Hacı Beyləqanski (Hacıbaba Tahir oğlu Talıbxanlı), Zaur Sumqayıtski və Vahid Bakinskini saxlayıb. Hər üç killer Canıyevin qaldığı İstanbulun Beşiktaş oteldə olublar. 

Bəzi KİV-lərin məlumatına görə, Beyləqanski başqa bir qanuni oğru Qoca Yasamalskinin (Əlibala Əlisəftər oğlu Həmidov) qətlində şübhəli bilinir. Kriminal dairələrdə Beyləqanskinin Lənkəranskini şəxsən qətlə yetirdiyi bildirilir. Məlumata görə, Beyləqanski məhz Lənkəranskinin sifarişi ilə 2013-cü ilin 18 avqustunda Qoca Yasamalskini öldürüb. Bundan sonra oğrular onun intiqamını almağa söz veriblər. Bu səbəbdən də Rövşən lənkəranskini məhz avqustun 18-də öldürüblər. Lakin məlumatlı mənbə Sputnik-ə bildirib ki, bu ehtimal nəinki düzgün deyil, hətta tamamilə əksinədir. "Birincisi, sözügedən üçlük Rövşən Lənkəranskinin qətli ilə bağlı tutulmayıb. Onlar başqa məsələyə görə axtarışda olublar. O da faktdır ki, Talıbxanlı və Zaur Sumqayıtski Canıyevin sifarişlərinin icraçıları olublar. Onlar son qətl hadisəsinin açılmasına işıq tutacaqlar və bu məqsədlə dindiriləcəklər. 

Əlibala Həmidovun qətlinə gəlincə, o, 2013-cü ilin 16 avqustunda güllələnib. Altı maskalı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış kompleksinin ərazisinə daxil olaraq Həmidovu və onun Rusiya vətəndaşı olan 29 yaşlı rəfiqəsi Asiyət Alaşovanı bir neçə güllə ilə yaralayıblar. Xəstəxana aparılarkən yolda ölüm ayağında olan Həmidov Alaşovaya sadəcə bir kəlmə — “Rövşən” deyib. 

Saxlanılan Zaur Sumqayıtski 30 yaşlı Zaur İsayevdir. Daha əvvəl İsayevin adı mediada hallanmayıb və ona görə də o, çox məşhur deyil. Bununla belə, bu adam killer rolunu icra edir”- deyə mənbə bildirib. 

İstanbul Ədliyyəsi - Sputnik Azərbaycan
İstanbul Ədliyyəsindən Rövşən Lənkəranski ilə bağlı şok qərar

Bununla yanaşı, hüquq-mühafizə orqanları Canıyevin öldürüldüyü yerdə Rövşən Əliyev ad-soyadının qeyd olunduğu pasport tapıblar. Canıyev son illərdə bu soyadla Türkiyədə yaşayıb. Çünki İtaliya hökumətinin təşəbbüsünə əsasən İnterpolun xətti ilə onun haqqında saxta pulların dövriyyəsi və çirkli pulların yuyulması ittihamı əsasında beynəlxalq axtarış elan edilib.

Bu saxta pasportla Canıyevi iki dəfə Kiyevdə saxlayıblar və mövqelərinin kifayət qədər güclü olduğu Ukraynadan deportasiya ediblər. 

Rövşən Lənkəranskinin ölümündə Ded Həsən klanının əli ola bilər

Bu versiya ən çox hallanan versiyalardan biridir. Çünki Rusiya mafiyasının xaç atası Aslan Usoyanın – Ded Həsən klanının davamçıları hələ də inanırlar ki, onların rəhbərinin öldürülməsini Türkiyədə Rövşən Lənkəranskiyə sifariş ediblər. Xatırladaq ki, Ded Həsən 16 yanvar 2013-cü ildə Moskvada Povarskoy küçəsindəki “Starıy Fayton” restoranındakı “mənzil-qərargahı”ndan çıxarkən öldürülüb. 

O vaxt İtaliyanın Corriere della Sera qəzetinin müxbiri Quido Olimpio yazmışdı ki, Usoyanın qətli bu yaxınlarda Parisdə kürd fəalların öldürülməsi ilə bağlı ola bilər.

Nəşrin bildirdiyinə görə, 10 yanvar 2013-cü ildə aralarında Kürd İşçi Partiyasının siyasi üsyançı təşkilatının qurucularından biri Səkinə Qansızın da olduğu 3 qız öldürülmüşdü. Onlar Fransa paytaxtındakı Kürd İnstitutunun informasiya mərkəzində başlarından aldıqları güllə yarasından ölmüş şəkildə tapmışdılar. 

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası - Sputnik Azərbaycan
Rövşən Lənkəranski ilə bağlı son xəbər: Tibb bacısı Sputnik-ə danışdı

Müəllifin fikrincə, Tbilisidən olan milliyyətcə yezdi kürdü, 75 yaşlı “qanuni oğru” Usoyan separatçı hərəkatla əlaqəli olub və Türkiyə kürdlərini silahla təchiz edib. 

"Bir sıra məlumatlara görə, Usoyan Türkiyənin kürd hərəkatını – Kürd İşçi Partiyasıdan Mehmet Öcalanı silahla təchiz edənlərdən biri olub. Əgər onlar “Kalaşnikov” və qranatomyot istəsəydilər, ona müraciət edə bilərdilər. O isə onların tələbatını ödəyirdi” – deyə Corriere della Sera məlumat verib. 

Mehmet Öcalan Türkiyədə qanunsuz fəaliyyət göstərən Kürd İşçi Partiyasının (PKK) lideri Abdulla Öcalanın qardaşıdır. Olimpio əlavə edib ki,  sözügedən insident Türkiyə hakimiyyəti PKK-nın siyasi qanadı ilə danışıqlara başlayandan sonra baş verib. Müxbirin fikrincə, kriminal avtoritetin aradan götürülməsi kürdlərlə sülhün əldə olunmasına mane olmaq məqsədi daşıyıb və “pərdəarxası manevrlər”ə bir misaldır. 

Usoyanın ölümü ilə bağlı kriminal situasiyalar üzrə ekspertlərin ən müxtəlif versiyaları var. Onlardan ən geniş yayılanı budur ki, Ded Həsənin öldürülməsi Merab Suxumski adı ilə məşhur olan kriminal avtoritet Merab Canqveladze ilə Rövşən Lənkəranskinin əl işidir. Usoyanın öldürülməsini Türkiyə hakimiyyəti onlara sifariş edib. Səbəb isə Usoyanın kürd terrorçuları maliyyələşdirməsidir. 

Türkiyədə Canıyevə sığınacağın verilməsi ekspertlərin nə üçün məhz belə fikirləşdiklərini başa düşməyə kömək edir.

İnformasiyalı mənbə Sputnik-ə bildirib ki, Canıyevin öldürülməsinin “Ded klanı”nın işi olması ehtimalı istisna edilmir, amma bu hələ təsdiqini tapmayıb. Mənbənin sözlərinə görə, Canıyevin son illərdə Türkiyə ərazisində yaşaması heç kimə sirr deyildi və Ded Həsənin klanı da bu barədə bilirdi. Əgər onu öldürmək fikirləri olsaydı, daha tez tapa bilərdilər. 

"Başqa bir ehtimala görə, Canıyevin öldürülməsi ilə “gülənçilər”in törətdiyi iddia edilən Türkiyə hakimiyyətinə qarşı təşkil olunan son dövlət çevrilişinə cəhd arasında əlaqə var. Ola bilsin, qatillər fikirləşiblər ki, bu vaxtlar hüquq-mühafizə orqanları kriminal avtoritetin öldürülməsinin sifarişçilərini və qatillərini axtarmayacaqlar. Bəlkə də onlar hardasa haqlıdırlar. Amma biz tezliklə Canıyevin qətlinin üstünün açıldığını eşidəcəyik. Eynilə Usoyanın fiziki cəhətdən ortadan qaldırılmasında olduğu kimi” – deyə mənbə bildirib. 

Başqa bir versiya isə ötən gün KİV-də ortaya atılıb. Bu isə Canıyevlə Şakro Molodoy adı ilə məşhur olan kriminal avtoritet Zaxari Kalaşov arasındakı münaqişə ilə bağlıdır. Şakro Molodoy bu yaxınlarda Moskva şəhərində Moskvanın mərkəzində yerləşən Roçdelskoy küçəsindəki Elements adlı Koreya restoranında iki nəfərin öldüyü qırğının təşkilində şübhəli bilinərək həbs edilib. Şakronun ardınca Rusiya İstintaq Komitəsinin onunla əlaqəli olan yüksək rütbəli əməkdaşları da həbsxanaya düşdülər. Hüquq-mühafizə orqanlarının Şakronun izinə düşməsində Lənkəranskinin “zəhmətinin” olması versiyası da var.

Fərziyyəyə əsaslanan belə bir ehtimal da var: Canıyevə yaxın olan mənbənin sözlərinə görə, bir il əvvəl Kalaşov Rövşən Lənkəranskini öz qanadı altına alıb. Bundan sonra Şakro Lənkəranskinin “qanuni oğru” titulunun əlindən alındığı barədə ağzından söz qaçıranlara şəxsi iradını bildirib. 

Məlumatlı mənbə qeyd edib ki, Rövşən Canıyevin ölümü tezliklə kommersiya maraqlarının toqquşmasına və nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb olacaq.  Canıyev “qanuni oğru” dünyasındakı bir neçə avtoritetin ölümündən sonra Rusiya və Ukraynanın iri bazarlarını öz nəzarəti altına almışdı. Bu isə onun rəqiblərinə rahatlıq vermirdi. 

Xəbər lenti
0