BAKI, 19 avq — Sputnik. Ankara Baş Prokurorluğunun FETÖ istintaqı çərçivəsində daha bir önəmli sima göz altına alınıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, keçmiş baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri işlədiyi dövrdə onun katibi və xüsusi müşaviri olan, "sağ əli" kimi tanınan Gürcan Balıq saxlanılıb.
2016-cı ilin yanvar ayında işdən çıxarılan Gürcan Balıq Davudoğlunun xarici işlər naziri işədiyi dövrdə nazirlikdə nüfuzlu simalardan biri olub. Davudoğlu xarici işlər naziri kimi çalışdığı dövrdə, 2013-ci ilin sentyabr ayında o dönəmin prezidenti Abdulla Gül ilə birlikdə BMT-nin konfransına qatılmaq üçün Nyu-Yorka getmişdi.
Davudoğlu, Abdulla Gülün BMT-də çıxış etdiyi gün, Pensilvaniyaya gedərək Fətullah Gülən ilə görüşmüşdü. Abdulla Gülün bu ziyarətdən daha sonra xəbəri olmuşdu. Gürcan Balıq Gülün xarici siyasət üzrə baş müşaviri olmasına baxmayaraq bu ziyarəti Gülə söyləməmişdi.
Xatırladaq ki, Ankara Baş Prokurorluğunun təlimatı ilə Ankara polisi, dünən səfirlər Tuncay Babalı ilə Ali Fındıkı da saxlamışdı.