BAKI, 18 avq-Sputnik. ANS televiziyası və radiosu fəaliyyətini bərpa edə bilməz. Çünki, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) iddiasını təmin edib.
Bu barədə Sputnik-ə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov bildirib.
Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə isə, MTRŞ-nin iddiasını təmin edərək ANS-in lisenziyasını ləğv edib.
Qeyd edək ki, MTRŞ "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə", AR Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" AR Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Məhkəmədə MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başlar, əlləri göstərib, bu da MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.
ANS-in nümayəndəsi isə deyib ki, həmin gün ANS Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə, iddiaçı kadrları təqdim edə bilər. Amma, bunu sübut edən kadrlar məhkəmədə nümayiş etdirilməyib.
Buna baxmayaraq, məhkəmə MTRŞ-in iddiasını təmin edib.